Politoloq: “Ukrayna xalqı heç vaxt bu cür şərtlərlə razılaşmayacaq”

Təhlil

03.09.2025 16:08

“Ukrayna heç vaxt Rusiyanın irəli sürdüyü şərtlərlə razılaşmayacaq”. 

Ukraynalı politoloq, hərbi ekspert Aleksandr Kovalenko bunu TodayPress TV-yə açıqlamasında deyib. 


Onun sözlərinə görə, Rusiya xarici işlər naziri Sergey Lavrovun bu məsələ ilə bağlı açıqlamalar verməsi, tamamilə ultimativ xarakter daşıyan və hər hansı hüquqi əsasdan məhrum bəyanatdır. 

“O, sadəcə olaraq, Rusiya təbliğatının ümumi narrativini dəstəkləyir. Guya, Ukrayna nəyinsə müqabilində ərazilərindən imtina etməklə və ya başqa güzəştlərə gedərək Rusiya ilə müəyyən razılaşmalara nail ola bilər. Amma bunlar Ukraynanın, eləcə də, başqa heç bir siyasətçinin ata bilməyəcəyi addımlardır. Çünki bu, həmin tərəfin dərhal siyasi ölümünə gətirib çıxarar və tarixi kontekstdə onu satqın kimi damğalanmasına səbəb olar. Ukrayna xalqı heç vaxt bu cür şərtlərlə razılaşmayacaq. Bu, əxlaqi, etik, hüquqi və konstitusion prinsiplərə ziddir. Belə bir təhqiramiz addımı atmaq qeyri-mümkündür”.

Analitikin sözlərinə görə, Rusiya, əslində, Ukraynanın bütün ərazilərini ələ keçirmək məqsədini daşısa da, guya hansısa danışıqlara hazır olduğunu nümayiş etdirir: 

“Amma bizim şərtlərimiz dəyişməzdir. Biz Ukraynanın 1991-ci ildəki qanuni sərhədlərinin bərpasını tələb edirik. Sergey Lavrov isə belə narrativləri beynəlxalq ictimaiyyətə KİV vasitəsilə ötürməyi davam etdirir. Halbuki bunların heç bir hüquqi əsası yoxdur. Rusiyanın Ukraynadan işğal etdiyi əraziləri özününkü kimi tanımasını tələb etməyə heç bir haqqı yoxdur. Ümumiyyətlə, işğalı “qanuni” adlandırmaq və bunu qəbul etdirmək beynəlxalq səviyyədə çox təhlükəli presedent deməkdir. Bu isə hələ XVII əsrdən mövcud olan, Avropada 30 illik müharibədən sonra formalaşmış Vestfal sülh sistemi üçün dağıdıcı nəticələr doğura bilər.

Başqa sözlə, Rusiya bu gün “Pandoranın qutusundan”, daha doğrusu, “Putinin qutusundan”  bütün demonları buraxmağa çalışır. Bu, dünyadakı bütün mübahisəli regionlar və ərazi ixtilafları üçün destabilizasiya mənbəyinə çevrilə bilər. Əgər Ukraynaya təzyiq göstərilib bu cür qərarları qəbul etməyə məcbur edilsə, bu, çox ciddi presedent yaradacaq. Amma bir daha vurğulayıram ki, Ukrayna heç vaxt belə şərtlərə əsaslanan razılaşmalara getməyəcək. Bu, heç vaxt baş tutmayacaq”.

Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov İndoneziyanın "Kompas" qəzetinə müsahibəsində Ukrayna ilə bağlı qalmaqallı açıqlama verib.

O bildirib ki, Ukraynada sülhün əldə olunmasının yeganə yolu Krım, Donbas və Novorossiyanın beynəlxalq miqyasda Rusiyanın tərkib hissəsi kimi tanınmasından keçir.

Töhfə Səməd

TodayPress TV

tag: Ukrayna ,Rusiya,Aleksandr Kovalenko,Sergey Lavrov,Todaypress.tv,