Deputat: "100 illik problemi bir günə həll etdik"

Təhlil

19.09.2025 15:47

"Suverenlik hər bir millətin dövlətçilik çərçivəsində sərhədlərinin hər qarışında iradəsinin və hüquqi yurisdiksiyasının təmin olunması deməkdir".

Milli Məclisin deputatı Hikmət Babaoğlu bunu TodayPress TV-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etmək üçün uzun illər mübarizə aparmalı olub:

"Torpaqlarımızın 20 faizi işğal altında qaldı. 44 günlük müharibədən sonra ərazi bütövlüyümüzü bərpa etdik. Ancaq suverenliyimizi bərpa etmək üçün biz artıq 30 illik problemi deyil, 100 illik problemi həll etməliydik. Azərbaycan ərazisində 1923-cü ildə yaradılan “muxtar vilayət” sovet dövründən miras qalmışdı və bu, müstəqillik dövründə başlanan Qarabağ müharibəsinin nəticəsi deyildi. Ona görə də artıq bəzilərinin gözündə kristallaşan, bərkiyən, oturuşan bu problemi həll etmək mümkün kimi görünmürdü".

Deputat vurğulayıb ki, yalnız Prezident İlham Əliyevin siyasi qətiyyəti nəticəsində bu "100 illik kənar maddəni" milli dövlətin bədənindən "cərrahi əməliyyat yolu" ilə çıxarmaq mümkün olub:

"Azərbaycan dövləti bunu bacardı. 20 sentyabrda bir günlük lokal antiterror əməliyyatı ilə Azərbaycan öz suverenliyini bərpa etdi və tam müstəqil bir dövlətə çevrildi".

Parlamentari əlavə edib ki, 44 günlük müharibə Azərbaycanın tarixi zəfəri idisə, bir günlük antiterror əməliyyatı bu zəfərin baş tacı oldu:

"Bu, millətimizə əbədi qətiyyət, müstəqillik, azadlıq qazandırdı", - deyə Hikmət Babaoğlu fikrini yekunlaşdırıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə sentyabrın 20-si Dövlət Suverenliyi Günü kimi təsis olunub. 

Türkan İsgəndərli

TodayPress TV

tag: Hikmət Babaoğlu,Deputat,Azərbaycan,Problem,Todaypress.tv,