2026-ya hazırlıq: Paşinyanın qarşısına kim çıxarılacaq? – PROQNOZ
“2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkilərində Ermənistan Baş naziri Nikol Paşinyanın qarşısına alternativ namizəd olaraq kimin çıxarılacağına ciddi önəm verməliyik”.
Politoloq Zeynal Əmrəliyev bunu TodayPress TV-yə danışarkən deyib.
O bildirib ki, hazırda Ermənistanda siyasi mübarizə kəskin xarakter alıb. Analitik buna səbəb olaraq Rusiyanın “beşinci kolon”u hesab edilən keçmiş prezident Robert Köçəryanın liderlik etdiyi "Hayastan" blokunun və digər keçmiş prezident Serj Sarkisyanın rəhbərlik etdiyi Ermənistan Respublikaçılar Partiyasının Paşinyan hakimiyyətinə qarşı göstərdiyi müqaviməti qeyd edib:
“Faktiki olaraq bu qruplar ciddi müqavimət göstərirlər. Burada iki məsələ var. Birinicisi, müxalifətin nüfuzu Paşinyanın reytinqindən aşağıdır. Ermənistanda hələ də Paşinyanın reytinqi yüksəkdir. İkinci məsələ müxalifətin öz daxilində birləşə bilməməsidir. Ermənsitan müxalifəti hazırda iki hissəyə parçalanıb. Bir tərəfdən ənənəvi müxalif partiyalar, digər tərəfdən isə “Qarabağ klanı” adlandırılan və vaxtı ilə hakimiyyətdə təmsil olunan siyasi qüvvələrdir. Eyni zamanda nəzərə alaq ki, “Qarabağ klanı” özü də içində 2 yerə parçalanıb. Köçəryanın rəhbərlik etdiyi “Hayastan”, digər tərəfdən Sarkisyanın rəhbərlik etdiyi Respublikaçılar Partiyası. Əvvəl müttəfiq olsalar da, son zamanlarda bir-birlərinə qarşı kəskin ittihamlar, köməkçilərinin vasitəsi ilə bir-birinin ünvanlarına ağır tənqidlər səsləndirirlər. Bu, Ermənistanda müxalifətin parçalanmağa doğru getdiyini deməyə ciddi əsas verir”.
Ekspert həmçinin Rusiyanın Ermənistan müxalifətinə dəstəyi mövzusuna toxunub:
“Son zamanlar Rusiyanın müxalifətə ciddi dəstək verdiyi barəsində mesajlar var. Əsas da Köçəryana ciddi dəstək verilir. 2026-cı il parlament seçkilərində Paşinyanın qarşısına alternativ namizəd olaraq kimin çıxarılacağına ciddi önəm verməliyik. Əgər müxalifət həmin zamana qədər reytinq toplaya bilməsə, səyləri heç bir nəticə verməyəcək”.
Qeyd edək ki, Ermənistanda 2026-cı ildə keçiriləcək parlament seçkiləri indidən ictimai-siyasi müstəvidə ciddi gərginliyə yol açıb. Bu seçkidə qərbpərəstlərlə rusiyapərəstlərin mübarizəsi gözlənilir.
Moskvadan əmr və təlimatlar alanların əsas lideri Ermənistanın ikinci prezidenti Robert Köçəryandır. Son günlər “beşinci kolon”un və Köçəryanın timsalında rusiyameyilli qüvvələrin aktivləşməsi heç də təsadüf hesab olunmur.
Qiymət Mahir
tag: Zeynal Əmirəliyev,Politoloq,Ermənistan,Paşinyan,Todaypress.tv,
