Nə ABŞ, nə Avropa: Türkiyədən ənənəvi “orta xətt” strategiyasını davam!

Təhlil

25.11.2025 11:55

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Cənubi Koreya lideri Li Çje Menlə birgə brifinqdə bəyan edib ki, Türkiyə Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün diplomatik səylərini davam etdirəcək. O qeyd edib ki, Ankara tərəflər arasında dialoq təşəbbüslərindən geri çəkilməyib və son bir həftədə həm Rusiya Prezidenti Vladimir Putin, həm də Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıb. 


Siyasi şərhçi Kənan Novruzov Türkiyə liderinin açıqlamasını TodayPress TV-yə  şərh edərkən bildirib ki, Türkiyə Rusiya–Ukrayna müharibəsinin ilk günündən etibarən hər iki tərəflə təmasları qoruya bilən və ədalətli sülhə çalışan bəlkə də yeganə aktor olub.  


“Bu prosesdə ən effektiv addımları məhz Ankara atmışdı. Çünki tərəflərin sülhə yaxınlaşması Türkiyənin öz maraqlarına da xidmət edirdi”. 

Ekspert xatırladıb ki, Ukrayna sülh şansını itirib və müharibə Avropa–ABŞ qarşıdurmasına çevrilib:

"Təəssüf ki, həmin dönəmdə bu imkan reallaşmadı və Ukrayna indi anlayır ki, vaxtilə hansı şansı qaçırmışdı. Əgər Kiyev Türkiyənin təkliflərinə razılıq versəydi, bu gün vəziyyət qat-qat ağır olmazdı. Hazırda Ukraynanın durumu daha çətindir və müharibə artıq təkcə Rusiya–Ukrayna münaqişəsi deyil, Avropa–ABŞ qarşıdurmasına çevrilib".

O qeyd edib ki, ABŞ müharibənin bitməsini və geosiyasi yükün azalmasını hədəfləyir:

"Burda ABŞ-nin marağı nədir? 

1)Rusiya ilə münasibətləri daha da gərginləşdirməmək, əksinə, müəyyən iqtisadi əməkdaşlığı qorumaq.

2)Müharibəni bitirib Ukraynaya investisiya qoymaq.

3)Müharibə yekunlaşdıqdan sonra diqqəti Yaxın Şərqə və Çinə yönəltmək

Bəs Avropanın narahatlığı nədən ibarətdir?

Avropa tərəfi müharibə bitsə, növbəti hədəfin öz ölkələrindən biri ola biləcəyindən ehtiyatlanır. Digər tərəfdən, Avropa indi Rusiyadan ucuz enerji alır və müharibə dayansa, bu imkanın itiriləcəyindən qorxur".

Analitik tərəflərin  müharibənin gedişinə fərqli maraqlarla təsir etdiyini bildirib:


"Beləliklə, ABŞ müharibənin bitməsində, Avropa isə davam etməsində maraqlıdır. ABŞ danışıqlara yaxınlaşdıqca, Avropa prosesi mürəkkəbləşdirir, Ukraynanı daha çox silahlandıraraq döyüşməyə sövq edir. Ukraynanın da döyüşməmək imkanı yoxdur — döyüşməsə, Avropanın dəstəyi dayanacaq. Üzdə görünməsə də, pərdəarxasında həm ABŞ, həm Avropa Kiyevi müxtəlif formada təzyiq və şantajla istiqamətləndirirlər".

K.Novruzovun qənaətincə, Türkiyə artıq bir neçə tərəfin maraqları arasında seçim etmək məcburiyyətindədir: 

"Bu şəraitdə Türkiyənin işi daha da çətinləşir. Əgər əvvəllər Ankara birbaşa Rusiya və Ukrayna ilə danışırdısa, indi artıq ABŞ və Avropa ilə paralel şəkildə danışıqlar aparmalıdır. Türkiyə üçün əsas sual da budur: ABŞ-nin maraqlarına daha yaxın dayanmaq, Avropanın mövqeyini dəstəkləmək, yoxsa tamamilə özünün alternativ xəttini ortaya qoymaq?"

Onun sözlərinə görə, Türkiyə balanslı mövqeyini qoruyur və tərəflərin maraqlarından maksimum fayda qazanmağa çalışır: 

"Görünən odur ki, Türkiyə ənənəvi “orta xətt” strategiyasını davam etdirəcək — nə tam ABŞ, nə tam Avropa tərəfində olacaq. Çünki indiki məqamda təkcə Rusiya və Ukrayna yox, həm də Avropa və ABŞ Türkiyəyə ehtiyac duyur. Türkiyənin dəstəyi hər üç tərəf üçün strateji əhəmiyyət daşıyır.

Türkiyənin həm Avropadan, həm də ABŞ-dən gözləntiləri var. Avropadan gözlənti — Aİ-yə üzvlük prosesinin canlandırılmasıdır. ABŞ-dən gözlənti — F-35/F-16 məsələsinin həllidir. Hər iki tərəf Türkiyənin dəstəyini qazanmaq üçün müəyyən vədlər verməyə məcbur olacaq. Ankara isə bu danışıqlardan maksimum dividend əldə etməyə çalışacaq".

Ekspert əlavə edib ki, Türkiyə Kiyevin suveren maraqlarının zərər görməsinə yol vermək istəmir:


"Eyni zamanda Türkiyə çalışacaq ki, Ukraynanın maraqları tam tapdalanmasın. Çünki ABŞ-nin  şərtlərinə kor-koranə razılıq Kiyevin suverenliyinin itirilməsi deməkdir. Ankara buna razı olmaz".

Analitik sonda bildirib ki, Türkiyə həm ABŞ ilə  münasibətləri pozmamağa, həm Avropa ilə körpüləri yandırmamağa, həm də sülh prosesində real təsir imkanlarını qorumağa çalışacaq. Doğru məqamda isə ABŞ-nin  sülh planını müəyyən düzəlişlərlə yenidən gündəmə gətirə bilər.

Jalə Rövşən

 TodayPress TV

tag: Kənan Novruzov,Siyasi şərhçi,Türkiyə,ABŞ,Todaypress.tv,