Cənubi Qafqaz ciddi çağırışlarla üzləşəcək - Ramiz Yunusdan İLİN PROQNOZU

Təhlil

19.12.2025 23:14

“2025-ci il beynəlxalq siyasətdə köklü dönüş nöqtəsi kimi yadda qaldı. Bu il dünyaya göstərdi ki, qlobal münasibətlər artıq dəyərlər, universal normalar və dayanıqlı institutlar üzərində deyil, risklərin idarə olunması və güc balansı məntiqi üzərində qurulur”.

TodayPress TV xəbər verir ki, bunu Xəzər Universitetinin siyasi elmlər üzrə professoru Ramiz Yunus öz “Facebook” hesabında yazıb.

O bildirib ki, 2025-ci il “ədalət” anlayışını beynəlxalq siyasətin əsas kateqoriyası olmaqdan çıxarıb və onun yerini “idarəolunanlıq” anlayışı tutub. 

Professorun sözlərinə görə, münaqişələr artıq aradan qaldırılmır, sistemin tərkib hissəsinə çevrilir və nəzarət mexanizmi kimi istifadə olunur.

Ramiz Yunus Rusiya–Ukrayna müharibəsinə toxunaraq qeyd edib ki, bu münaqişə Qərb üçün ekzistensial təhlükə olmaqdan çıxaraq beynəlxalq sistemin struktur elementinə çevrilib. 

O bildirib ki, Ukraynaya dəstək davam etsə də, artıq qələbə ritorikası deyil, “dayanıqlı balans” və “idarəolunan deeskalasiya” anlayışları ön plana çıxır. 

Professorun fikrincə, uzanan müharibə Rusiyanı məhdudlaşdırır, NATO-nu möhkəmləndirir və ABŞ-nin birbaşa hərbi müdaxiləsini zəruri etmir.

ABŞ-nin qlobal siyasətdəki roluna münasibət bildirən Ramiz Yunus vurğulayıb ki, Birləşmiş Ştatlar mənəvi lider funksiyasından faktiki olaraq imtina edib və artıq xilaskar yox, arbitrajçı kimi çıxış edir:

“Vaşinqton uzunmüddətli nəticələrə görə məsuliyyət daşımadan çərçivələr və razılaşmalar təklif edir. Bu yanaşma Ukrayna üzrə danışıqlarda, Azərbaycan–Ermənistan münasibətlərində vasitəçilikdə və ideoloji ritorikanın azalmasında açıq şəkildə hiss olunur”.

Professor ABŞ–Çin münasibətlərini də 2025-ci ilin əsas geosiyasi oxu kimi dəyərləndirib:

“Tərəflər strateji tərəfdaşlıq illüziyalarından imtina edərək struktur rəqabət mərhələsinə keçiblər. ABŞ Çini birbaşa düşmən deyil, sistemli rəqib kimi qəbul edir, Çin isə Qərbin Ukrayna böhranına sərf etdiyi resursları nəzərə alaraq strateji səbr nümayiş etdirir. Bu qarşıdurma dərinləşəcək, lakin birbaşa münaqişədən yayınma xətti qorunacaq”.

Avropa İttifaqının mövqeyinə toxunan politoloq bildirib ki, Aİ dəyərlər dilində danışsa da, güc dünyasında hərəkət etməyə məcburdur. Onun sözlərinə görə, Avropanın əsas problemi resurs çatışmazlığı deyil, strateji subyektliyin və siyasi iradənin zəifliyidir. Bu da Aİ-ni həm ABŞ-dən, həm də uzanan münaqişə məntiqindən asılı vəziyyətə salır.

Cənubi Qafqazla bağlı danışan Ramiz Yunus Azərbaycanla Ermənistan arasında sülh prosesini “güc üzərindən sülh”ün klassik nümunəsi adlandırıb. O bildirib ki, bu proses cəmiyyətlərin barışması nəticəsində deyil, İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsindən sonra yaranmış yeni güc balansı fonunda mümkün olub. O bildirib ki, məhz hərbi qələbəyə əsaslanan bu reallıq rəsmi Bakıya diplomatik müstəvidə də üstünlük qazandırıb.

Rusiyanın regiondakı roluna gəlincə, Ramiz Yunus qeyd edib ki, 2025-ci il Moskvanın Cənubi Qafqaz üzərindəki monopoliyasının sona çatdığını rəsmiləşdirib.

Ukrayna müharibəsi Rusiyanı regional dominantlığı qorumaq üçün lazım olan resurs və diqqətdən məhrum edib və region artıq bir neçə güc mərkəzinin rəqabət apardığı məkana çevrilib.

Professor 2026-cı illə bağlı proqnozunda bildirib ki, qarşıdakı il sıçrayışlar yox, sınaqlar ili olacaq. Onun fikrincə, Ukraynada yekun sülh olmadan məhdud deeskalasiya mümkündür, ABŞ idarə etmə xəttini davam etdirəcək, Avropa dəyərlərlə qorxular arasında qalacaq, Cənubi Qafqaz isə sülhün imzalanmasından daha çox onun icrası ilə bağlı ciddi çağırışlarla üzləşəcək.

Ramiz Yunus sonda vurğulayıb ki, 2025-ci il dünyaya ümid deyil, aydınlıq gətirib. O, məşhur amerikalı diplomat Corc Kennanın sözlərini xatırladıb:

“Siyasətin vəzifəsi dünyanı fəzilətli etmək deyil, onu idarəolunan etməkdir”.

Qiymət Mahir

tag: Ramiz Yunus,Siyasət, Cənubi Qafqaz, Proqnoz,todaypress.tv,