"Moskva sülhə kəskin müqavimət göstərəcək" – Ramiz Yunus AÇIQLADI
Təhlil
15.07.2025 10:11
“Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyanın Əbu-Dabidəki görüşü bu iki ölkə arasında münasibətlərin yenidən qurulması prosesinin real mərhələyə qədəm qoyduğunu göstərir. Kreml bu görüşə ağrılı reaksiya verdi və bu, tamamilə gözlənilən idi. Çünki Bakı ilə İrəvan arasında barışığın əldə olunması Rusiya üçün regionda geosiyasi məğlubiyyət deməkdir və bu, Kremlin maraqları baxımından ciddi nəticələr doğura bilər”.
TodayPress TV xəbər verir ki, politoloq Ramiz Yunus bu fikirləri özünün “Facebook” hesabında yazıb.
O qeyd edib ki, Moskvanın sözügedən sülh prosesinə qarşı kəskin müqavimət göstərəcəyi ehtimal edilir:
“Tarixən Rusiya Azərbaycan və Ermənistan arasındakı münaqişədən öz maraqları naminə istifadə edib, “parçala və hökmranlıq et” prinsipinə əsaslanaraq hər iki tərəfi bir-birinə qarşı balanslaşdırmağa çalışıb. Hazırda həm Azərbaycanla, həm də Ermənistanla münasibətlərdə eyni vaxtda müşahidə olunan gərginlik bu siyasətin canlı sübutudur”.
Ekspertin fikrincə, Rusiyanın Ukraynaya qarşı təcavüzü Kremlin strateji səhvi olub və bu, onun beynəlxalq nüfuzunu zəiflədib:
“Rusiya-Ukrayna cəbhəsində Moskvanın problemləri artdıqca, bu, Kremlin sərhədləri boyunca ümumi təsir imkanlarının daha da zəifləməsinə gətirib çıxara bilər. Nəticədə keçmiş sovet respublikaları üçün xarici siyasətdə daha çox müstəqillik əldə etmək, Moskvadan asılılığı aradan qaldırmaq baxımından real imkanlar yaranır”.
Ramiz Yunus vurğulayıb ki, bu tendensiyanın ən bariz nümunəsi məhz Azərbaycandır. Bakı uzunmüddətli və sistemli şəkildə bu mərhələyə hazırlaşaraq bu gün siyasi, iqtisadi və hərbi-texnoloji baxımdan Cənubi Qafqazın liderinə çevrilib. Bu mənada, ABŞ-nin sayca 16-cı prezidenti olan Avraam Linkolnun sözləri xüsusilə yerinə düşür: “Hazırlaşacam, şansım isə əvvəl-axır özü yaranacaq".
Qiymət Mahir
tag: Ramiz Yunus,Politoloq,Moskva,Sülh,Todaypress.tv,