Moskva niyə hələ də post-imperial düşüncə tərzindən imtina etmir?
Təhlil
21.07.2025 17:19
"2022-ci ildə imzalanmış Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə AZAL-a məxsus mülki təyyarəsinin vurulması hadisəsindən sonra iflasa uğradı".
Politoloq Natiq Miri bunu TodayPress TV-yə danışarkən bildirib.
Onun sözlərinə görə, Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin son aylarda daha da gərginləşməsinin əsas səbəbi rəsmi Moskvanın post-imperial düşüncə tərzindən hələ də imtina etməməsi və keçmiş təsir dairələrinə bərabərhüquqlu tərəf kimi yanaşmaq istəməməsidir.
"Rusiya tarixən öz "təsir zonası" saydığı coğrafiyalarda heç vaxt qarşılıqlı hörmətə və bərabərlik prinsipinə əsaslanan münasibət sistemi qurmayıb. Bu gün də eyni yanaşma ilə hərəkət edir. Azərbaycanın gözləntisi isə tamamilə fərqlidir. Biz Moskva ilə münasibətlərin yalnız suveren bərabərlik əsasında qurulmasını istəyirik. Hətta bu məqsədlə 2022-ci ildə iki ölkə arasında müttəfiqlik haqqında Bəyannamə imzalanıb. Lakin bu sənəd ilk real sınaqda, Azərbaycanın AZAL-a məxsus mülki təyyarəsinin vurulması hadisəsində faktiki olaraq qüvvəsini itirdi və iflasa uğradı".
Analitik diqqətə çatdırıb ki, Rusiya həmin hadisəyə görə məsuliyyəti üzərinə götürmək əvəzinə, həm hüquqi, həm də siyasi müstəvidə Azərbaycana qarşı təzyiq və sayğısızlıq nümayiş etdirib. Bu, Azərbaycanın haqq və ədalət tələblərinə qarşı laqeydlik, hətta düşmənçilik kimi qiymətləndirilə bilər. Halbuki rəsmi Bakı konkret və hüquqi əsaslı tələblər irəli sürür. Mütləq ki, cinayət işi açılmalı, məsul şəxslər cəzalandırılmalıdır. Lakin Rusiya isə nə bu istiqamətdə araşdırma aparır, nə də əməkdaşlığa hazır olduğunu göstərir.
"Azərbaycan artıq əvvəlki Azərbaycan deyil. Yeni geosiyasi reallıqlarda rəsmi Bakı regionun aparıcı aktorlarından birinə çevrilib, suverenliyini tam bərpa edib və müstəqil siyasət yürütməkdə qərarlıdır. Moskvanı qıcıqlandıran əsas məsələ də məhz budur. Azərbaycan öz oyun qaydalarını diqtə edir və hər hansı təsir dairəsinə tabe olmur. Rusiyanın son dövrlərdə Azərbaycana qarşı həyata keçirdiyi təzyiq addımları, həmçinin biznesmenlərin mülklərinin əlindən alınması, vətəndaşların əsassız həbsi, diaspor fəallarına qarşı təhdidlər də bu müstəqil mövqeyə qarşı dözümsüzlüyün açıq təzahürüdür".
Politoloq həmçinin hesab edir ki, artıq Rusiyada fəaliyyət göstərən, Azərbaycanın büdcəsindən maliyyələşən yüzlərlə rus məktəbinin fəaliyyəti yenidən qiymətləndirilməlidir. Rus dili öyrənmək bir üstünlük ola bilər, lakin bu proses heç bir halda ideoloji dominanta və ya casus şəbəkəsinə çevrilməməlidir. Bu kontekstdə rus mədəniyyət mərkəzlərinin fəaliyyəti də şübhə doğurur və bağlanması təklif olunur.
"Azərbaycan Rusiya ilə münasibətlərdə yalnız milli maraqlara əsaslanan siyasət yürütməyə davam edəcək. Ölkə hərbi-siyasi təhdidlərə qarşı prinsipial və ardıcıl mövqeyini qoruyacaq, diplomatik və hüquqi müstəvidə öz mübarizəsini davam etdirəcək. Bu, təkcə Rusiya ilə deyil, bütövlükdə regionda yaranmış yeni güc balansı ilə diktə olunan realist mövqedir", - deyə o öz fikrini yekunlaşdırıb.
Töhfə Səməd
tag: Natiq Miri,Politoloq,Rusiya,İmperial düşüncə,Todaypress.tv,
