"Orta Dəhliz inkişafı” təqdim olundu — Bakı və Astana yeni mərhələyə keçir!
Təhlil
23.10.2025 18:20
Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə “Orta Dəhlizin inkişafı” (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) birgə layihəsinin təqdimatı olub.

Dövlət başçılarına Orta Dəhlizin səmərəsini və rəqabət qabiliyyətliliyini artırmaq istiqamətində nəzərdə tutulan konkret addımlar və təşəbbüslər barədə məlumat verilib.
Orta Dəhliz layihəsi Azərbaycan və Qazaxıstanın regional əməkdaşlığında yeni mərhələ kimi təqdim olunur. Bəs bu təşəbbüs geosiyasi baxımdan hansı üstünlükləri özündə daşıyır?
Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Samir Hümbətov qeyd edib ki, Orta Dəhliz layihəsinin perspektivləri həm Qazaxıstan, həm Azərbaycan, həm də ümumilikdə bu dəhliz boyunca yerləşən dövlətlər üçün əhəmiyyət kəsb edir.

Bu layihənin tam gücü ilə inkişaf etdirilməsi və qlobal nəqliyyat şəbəkələrinin əsas həlqələrindən birinə çevrilməsi region ölkələrinə ciddi iqtisadi fayda gətirəcək.
Ekspert Orta Dəhlizin həm də təhlükəsizlik baxımından mühüm rol oynadığını vurğulayıb:
“Layihə keçdiyi ölkələrdə iqtisadi sabitlik formalaşmasına, dayanıqlı inkişafın təmin olunmasına və hərbi-siyasi təhlükəsizliyin möhkəmlənməsinə şərait yaradacaq. Azərbaycan bu istiqamətdə artıq ciddi töhfələr verib. Ələt Limanının yenidən qurulması, Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin gücləndirilməsi, gələcəkdə Zəngəzur dəhlizinin bu marşruta qoşulması və dəmir yolu şəbəkələrinin genişləndirilməsi ölkəmizin Orta Dəhlizdəki rolunu artırıb. Qazaxıstanın Aktau limanı və digər logistika infrastrukturunun inkişafı da bu əməkdaşlığa əlavə dəyər qatır.

Bütün bunlar göstərir ki, Avrasiyanın yeni geosiyasi və geoiqtisadi xəritəsində Orta Dəhlizin inkişafı birbaşa olaraq Azərbaycan və Qazaxıstanın atacağı addımlardan asılıdır. Bu layihə böyük fayda gətirəcək təşəbbüs kimi dəyərləndirilə bilər”.
Qiymət Mahir
tag: Samir Hümbətov,Politoloq,Orta dəhliz,Bakı,Astana,Todaypress.tv,
