Kürdə ekoloji tarazlıq pozulur – HƏYƏCAN TƏBİLİ ÇALINDI
Cəmiyyət
29.05.2025 15:21
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Kür çayında suyun səviyyəsi 14 sm artıb. Bu isə normanın 68%-ni təşkil edir.
Bəs su səviyyəsinin artması, daşqınlara səbəb ola bilər?
Ekoloq Cavid Hüseynov TodayPress TV-yə açıqlamasında bildirib ki, çayın fərqli iqlim şəraitinə malik bölgələrdən keçməsi və üzərində çoxsaylı hidroenergetika və suvarma məqsədilə bəndlərin tikilməsi çayda mürəkkəb hidroloji rejimin formalaşmasına səbəb olub.
Onun sözlərinə görə, Kür çayı yaz fəslində əsasən qar, yağış, buzlaq və yeraltı sularla qidalanır və bu dövrdə gursulu rejimə keçir.
"Gursululuq adətən aprel-iyun aylarında müşahidə olunur və 90-170 gün davam edir. Bu zaman çayın illik axınının təxminən 45-60 faizi formalaşır. Su sərflərinin maksimal həddi də məhz bu dövrə təsadüf edir".
Mütəxəssis əlavə edib ki, Kür çayının üzərindəki bəndlərdə düzgün tənzimləmə aparılarsa, gursululuq dövründə ciddi təbii fəlakətlərlə üzləşmək riski azalır. Əgər su ehtiyatları düzgün idarə olunarsa, bu, kənd təsərrüfatı, hidroenergetika, balıqçılıq, turizm və su nəqliyyatı kimi sahələrin inkişafına töhfə verə bilər.
Bununla yanaşı, ekoloq çayın üzləşdiyi əsas ekoloji problemlərə də toxunub. Onun sözlərinə görə, Kür çayı boyunca su mühafizə zonalarının qeyri-qanuni şəkildə mənimsənilməsi vəziyyəti daha da ağırlaşdırır:
"Bu zonalara subasar sahələr, yarğan və terraslar daxildir. Lakin həmin ərazilərdə torpaqların şumlanması, meşələrin qırılması, evlərin tikilməsi kimi fəaliyyətlər çay ekosisteminə ciddi zərər vurur və sosial-iqtisadi, hidroekoloji problemlər yaradır."
Ekoloq bildirib ki, vəziyyətə laqeyd yanaşılarsa, bu, gələcəkdə genişmiqyaslı eroziya, sel və daşqın kimi fəlakətlərin artmasına səbəb ola bilər.
Türkan İsgəndərli
tag: Cavid Hüseynov,Ekoloq,Kür,Çayı,Todaypress.tv,
