Tramp müharibəni bitirmək istəyir: Ukrayna və Rusiya masaya oturacaqmı?

Təhlil

21.10.2025 16:37

ABŞ Prezidenti Donald Tramp deyib:

“Mən heç vaxt deməmişəm ki, ukraynalılar qalib gələcəklər. Demişəm ki, qalib gələ bilərlər. Müharibə çox qəribə bir şeydir və hər şey mümkündür. Düşünmürəm ki, onlar qazanacaqlar, amma yenə də qalib gələ bilərlər”.

Maraqlıdır, bəs onun bu sözləri ABŞ-nin Ukrayna ilə bağlı mövqeyində dəyişiklik siqnalı sayıla bilərmi?

Bu, Vaşinqtonun Kiyevə dəstəyinin zəifləməsi kimi dəyərləndirilə bilərmi?

Sözügedən məsələni TodayPress TV - yə şərh edən siyasi şərhçi Kənan Novruzov bildirib ki, Trampın bu açıqlaması diplomatik məna daşıyır:

"Əvvəla, Trampın bu dediklərini biz diplomatik kontekstdə başa düşməliyik. O deyir ki, qalib gələ bilərlər, amma düşünmürəm ki, qazanacaqlar. Müharibənin başlanmasından bir il yarım sonra mən, eləcə də digərləri bu müharibənin qalibinin olmadığını, hər iki tərəfin də uduzduğunu demişdik. Ukrayna bataqlığa çevrildi, Rusiya isə həmin bataqlığa salındı. Ən utopik səviyyədə düşünsək və desək ki, Ukrayna ərazi bütövlüyünü bərpa etdi, Donbası, Luqanski və Krımı da qaytardı-bəs xalq? Bəs Ukraynanın bərpası? Ukrayna bu gün hərbi poliqona çevrilib. Rusiyaya gəldikdə isə, iqtisadiyyatı çöküb, beynəlxalq münasibətlər sistemində çəkisi azalıb, Prezident Putinin imici zədələnib. Rusiya bu gün sanksiyalar altındadır. Rusiyanın bəxti yalnız bir məqamda gətirib ki, dünyanın yeraltı və yerüstü sərvətlərinin 40 faizi onun ərazisindədir. Həqiqətən də Rusiyanı ayaqda saxlayan məhz budur".

Ekspert hesab edir ki, Tramp müharibəni bitirmək niyyətindədir:

"Trampın demək istədiyi budur: "İkiniz də məğlubsunuz və mənim dediyim şərtlərlə masaya oturun ki, sizə mövcud pislər içərisində ən yaxşı variantı təqdim edim. Tramp müharibənin bitməsini istəyir. Niyə? Bunun birinci səbəbi odur ki, o, Rusiya ilə münasibətləri çətinləşdirmək istəmir və müharibədən sonra Moskva ilə sabit ticarət əlaqələri qurmaq niyyətindədir. İkincisi, müharibədən sonra Ukraynaya investisiya qoymaq istəyir. Bundan başqa, münaqişə başa çatdıqdan sonra diqqətini Yaxın Şərqə və Çinlə münasibətlərə yönəltmək niyyətindədir.

Digər tərəfdən, bu məsələ Tramp üçün həm də reputasiya məsələsidir. O, hələ hakimiyyətə gəlməzdən əvvəl demişdi: "Müharibəni bitirəcəyəm".

Onun sözlərinə görə, ABŞ və Avropa arasında fikir ayrılığı dərinləşir, bu da münaqişənin uzanmasına səbəb olur:

"Amma Avropa müharibənin bitməsini istəmir. Niyə? Çünki Avropa düşünür ki, Rusiya tam çökmədən müharibə dayanmamalıdır. Əks halda, Moskva növbəti mərhələdə Avropanın digər ölkələrinə hücum edə bilər. Həmçinin hazırkı şəraitdə Avropa Rusiyadan ucuz qaz alır. Əgər müharibə dayansa, Avropa bu imkandan məhrum olacaq.

Beləliklə, Avropa bu məsələdə səmimi deyil. Bir tərəfdən Rusiyaya təzyiqlər artırılmalıdır ki, müharibə bitsin deyir, digər tərəfdən isə Rusiyanın sanksiyalardan yayınmasına kömək edir. Rusiyadan enerji almaqla onun iqtisadiyyatını sabit saxlayır. Vaşinqtonun Kiyevə dəstəyi zəifləməyəcək, amma ABŞ daha çox balanslı siyasət yürüdür: həm Kiyevlə işləyir, həm də Moskva ilə. Hazırda ən təhlükəli məqam odur ki, Avropa ilə ABŞ arasında fikir ayrılığı daha da dərinləşir. Mən həmişə demişəm ki, indiki məqamda Rusiya-Ukrayna müharibəsinin genişlənməsi onun bitməsindən daha realdır. Rusiya gələcəkdə hansısa Avropa ölkəsinə hücum edə bilər. Mən bunu istisna etmirəm".

Analitikin fikrincə, nə Kiyev, nə də Moskva danışıqlara həvəslidir:

"Hazırda həm Kiyev, həm də Moskva danışıqlardan çox uzaqdır. Moskva özünə xas olan imperialist və maksimalist niyyətlərindən əl çəkmir. Ukrayna isə güzəştə getmək istəmir. Burada artıq məsələ Ukrayna və Rusiya prezidentlərinin hakimiyyətdə qalma maraqları ilə bağlıdır. Əgər Ukrayna dediyindən geri çəkilsə, Zelenski hakimiyyətdən gedəcək. Əgər Rusiya geri çəkilsə, Putin hakimiyyəti itirə bilər. Ortaq məxrəcə gələ bilməmələrinin əsas səbəbi də budur. Əgər mümkün olsa və sülh əldə edilərsə, məncə bu il baş verməyəcək, həmin sülh sazişinə Zelenskinin özü imza atmayacaq. Çünki əgər Zelenski sülh sazişinə imza atsaydı, xalq onu bir saat sonra asardı. Bu qədər tökülən qanın, verilən itkilərin hesabını xalq soruşardı: "Hanı nəticə?" Ona görə də həm Zelenski, həm də Putin müharibəni uzatmağa çalışır. Nəticə etibarilə, müharibənin uzanmasının ikinci səbəbi isə Avropa və ABŞ-nin fərqli mövqeləridir. ABŞ deyir: "Dayan", Avropa isə deyir: "Get". Zelenski təcrübəsiz siyasətçidir və bu oyunun qurbanına çevrildi".

Jalə Rövşən

TodayPress TV

tag: ABŞ,Zelenski,Ukrayna,Sülh,Todaypress.tv,

photo