Münasibətlərdə yeni səhifə: “Əl Şaraanın siyasəti Əsəddən fərqlənir”
Təhlil
28.08.2025 17:42
“Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa əvvəlki dövrdən tamamilə fərqli siyasət yürüdür. Əgər ölkənin devrilmiş prezidenti Bəşər Əsədin hakimiyyəti dövründə müxtəlif səbəblərlə anti-Azərbaycan ritorikası müşahidə olunurdusa, bu gün Əl Şaraanın siyasətində bunun əksi görünür”.
Milli Məclisin deputatı Azər Allahverənov bunu TodayPress TV-yə açıqlamasında deyib.
Onun sözlərinə görə, Bəşər Əsədin prezidentliyi dövründə Azərbaycanla Suriya arasında münasibətlər əsasən soyuq olub:
“Hərçənd ki, əvvəlki dövrlərə nəzər saldıqda müəyyən dini, mədəni və humanitar bağlılıq elementləri mövcud olub. Lakin 1990-cı illərin əvvəllərindən başlayaraq Suriya hökumətinin getdikcə açıq ermənipərəst siyasət yeritməsi münasibətləri pozub. Əsəd dönəmində bu mövqe daha da güclənib və nəticədə rəsmi Dəməşqin Azərbaycana münasibəti tamamilə mənfi məcraya yönəlib”.
Deputat bildirib ki, bu münasibətin formalaşmasında bir neçə əsas amil rol oynayıb:
“Ən mühüm səbəblərdən biri Suriyada böyük və iqtisadi cəhətdən güclü erməni icmasının mövcudluğudur. Bu icma Əsəd hakimiyyətini yaxından dəstəkləyib, həm maliyyə, həm də müxtəlif diaspora kanalları vasitəsilə onun yürütdüyü siyasətə təsir göstərib. Nəticədə Əsəd hökuməti beynəlxalq platformalarda Azərbaycanın əleyhinə çıxış edib, qondarma “erməni soyqırımı” məsələsində Ermənistanın mövqeyini müdafiə edib”.
Parlamentari əlavə edib ki, ikinci mühüm səbəb Suriyanın Azərbaycana münasibətinin tərəfdaşlıq etdiyi ölkələrlə bağlı olmasıdır. Belə ki, Azərbaycanla Türkiyə arasında strateji müttəfiqlik münasibətləri mövcuddur. Suriya ilə Türkiyə isə müəyyən dövrlərdə ciddi gərginlik yaşayıb. Xüsusilə, Suriya ərazisində Türkiyəyə qarşı fəaliyyət göstərən terror təşkilatlarının mövcudluğu bu münasibətləri daha da kəskinləşdirib. Bu faktorlar fonunda Azərbaycan da Suriyanın mənfi münasibəti ilə qarşılaşıb. Digər tərəfdən, İranla Əsəd rejimi arasında olan sıx əlaqələr fonunda İranın anti-Azərbaycan siyasəti də Suriyanın mövqeyinə təsirsiz ötüşməyib.
A.Allahverənov, həmçinin vurğulayıb ki, tarixən Azərbaycan icması Hələbdə fəal olsa da, bu icma Suriyanın ictimai-siyasi mühitinə ciddi təsir göstərməyib:
“Əksinə, Suriya hökuməti dini, mədəni və ideoloji təşəbbüsləri belə boğmağa çalışıb. Çünki hakimiyyət açıq şəkildə ermənipərəst mövqedən çıxış edib, Azərbaycanla bağlı istənilən təşəbbüsün qarşısını alıb. Ona görə də Suriya ərəb ölkələri arasında anti-Azərbaycan ritorikasını daha qabarıq sərgiləyən dövlətlərdən biri olub. Hətta İslam Əməkdaşlıq Təşkilatı kimi platformalarda belə bu mövqedən çıxış ediblər”.
O, sonda diqqətə çatdırıb ki, bu gün isə tam fərqli bir mənzərə yaranıb. Əhməd Əl Şaraa rəhbərliyindəki keçid dövrü hökuməti Azərbaycanla münasibətlərin normallaşmasına çalışır və əvvəlki anti-Azərbaycan ritorikasını aradan qaldırır:
“Təbii qazın ixracı, Suriya üzərindən digər ərəb ölkələrinə çıxış imkanlarının dəyərləndirilməsi və s. bu əməkdaşlığın strateji xarakter aldığını göstərir. Eyni zamanda bu, Azərbaycanın beynəlxalq imicinin və reputasiyasının güclənməsinə də xidmət edir. Zamanında Bəşər Əsədin anti-Azərbaycan siyasətinin məqsədi də məhz bu istiqamətin qarşısını almaq idi”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Suriyanın keçmiş lideri Bəşər Əsədin hökuməti ilə Azərbaycan arasında 10 ildən çox heç bir münasibət olmadığını xatırladıb:
"Onlar Azərbaycanla çox ədalətsiz davranmışdılar, bizim Ermənistanla qarşıdurmamızda Ermənistanın tərəfinə keçdilər. Bu da bizim üçün çox qəribə idi, çünki işğal illəri ərzində müsəlman ölkələri tərəfindən çox güclü dəstək aldıq və İslam Əməkdaşlıq Təşkilatı bizə həmişə dəstək olmuşdur. Suriyada yeni hökumət iqtidara gəldikdə, biz bunu böyük ruh yüksəkliyi ilə qarşıladıq və sözsüz ki, dəstəklədik. Biz uzun illər boyu əziyyət çəkmiş bu ölkə, onun xalqı üçün yalnız sülh istəyirik".
Qiymət Mahir
tag: Azər Allahverənov,Deputat,Əhməd əl-Şaraa,Bəşər Əsəd,Todaypress.tv,
