Kremlin dəyişməyən xisləti: Budəfəki hədəf Azərbaycan qazı oldu
Təhlil
07.08.2025 11:42
"Kremlin müharibə ssenarisində dəyişən bir şey yoxdur, sadəcə indi hədəfdə Gürcüstan yox, Ukraynadır".
TodayPress TV xəbər verir ki, politoloq Elxan Şahinoğlu bunu öz "Facebook" hesabında yazıb.
O, 2008-ci ildə baş verən Rusiya-Gürcüstan qarşıdurmasına diqqət çəkib:
"Rusiya 2008-ci ildə Gürcüstana qarşı savaşanda Bakı-Tbilisi-Ceyhan boru real təhlükə ilə üz-üzə qalmışdı. Rusiyanın Gürcüstan ərazisinə atdığı mərmilərin boru kəmərini zədələmə ehtimalı var idi. Əgər həmin müharibə uzansaydı, Kreml qəsdən boru xəttinə zərər yetirə bilərdi. Çünki Azərbaycan neftinin Gürcüstan və Türkiyə üzərindən dünya bazarlarına nəqli Kreml üçün həssas mövzulardan biri idi. Rusiyanın müharibə ssenarisində dəyişən bir şey yoxdur, sadəcə indi hədəfdə Gürcüstan yox, Ukraynadır və bu dəfə Azərbaycan qazının Ukrayna ərazisindən nəql olunduğu boru xəttinə zərbə endirilib".
Ekspertin qənaətincə, bu hadisənin Rusiya-Azərbaycan münasibətlərindəki gərginliklə əlaqəsi zəifdir. Azərbaycan Ukraynaya qaz nəqlinə başlayıb və Kreml bunu raket zərbələri ilə dayandırmağa çalışır. Yəni, Azərbaycan-Rusiya münasibətlərində müəyyən gərginlik olmasaydı belə, rəsmi Moskva Ukraynaya qaz nəqli həyata keçirilən boru xəttini hədəf alacaqdı.
Qeyd edək ki, Rusiya Ukraynanın qaz nəqli infrastrukturuna hücum edib. Ukraynanın Energetika Nazirliyi məlumat yayıb ki, avqustun 6-da gecə saatlarında Rusiya, Qaz Nəqli Sisteminin operatoruna məxsus, Odessa vilayətində Ukrayna-Rumıniya sərhədi yaxınlığında yerləşən kompressor stansiyasına məqsədli hücum həyata keçirib.
Qiymət Mahir
tag: Elxan Şahinoğlu,Politoloq,Rusiya,Azərbaycan,Qaz,Todaypress.tv,
