Qərb dövlətləri yeni diplomatik yol axtarışında: Ukrayna üçün Cenevrə ssenarisi işə salındı - POLİTOLOQ
Təhlil
19.08.2025 16:57
“Sülhün alternativi yoxdur. Qərb bunu artıq qəbul edib”.
Politoloq İlqar Vəlizadə bunu TodayPress TV-yə danışarkən bildirib.
Onun sözlərinə görə, Ukraynadakı son hadisələr fonunda hərbi ssenaridən daha çox, sülhə yönəlmiş diplomatik təşəbbüslər aktuallaşır. Nə qədər mürəkkəb və ağır olsa da, sülh bu vəziyyətdə yeganə çıxış yoludur:
“Avropa ölkələri də anlayır ki, sülhün alternativi müharibənin davamıdır. Bu isə həm iqtisadi, həm də siyasi baxımdan onlara ciddi ziyan vurur. Bəli, bu cür sülh, yəni ciddi güzəştlərə getmək onlara da tam uyğun gəlmir, amma reallıqları nəzərə alaraq geri addım atmağa məcbur qalırlar”.
Analitik hesab edir ki, hazırda aparılan danışıqların yekun nəticəsi ilə bağlı qəti fikir söyləmək çətindir. Hələlik Ukraynanın bütün şərtlərlə razılaşacağı gözlənilmir. Lakin ümumi mənzərə ümid yaradır:
“Sülh sazişinin qarşıdakı aylarda və ya bir il ərzində imzalanacağı ehtimalı real görünür. Qərb və digər maraqlı tərəflər hərbi qarşıdurmanı deyil, diplomatik həlli daha məqsədəuyğun hesab edirlər”.
Politoloqun qənaətincə, Qərbin təşəbbüsləri də bunu sübut edir. ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna liderləri ilə üçtərəfli görüşün baş tutacağına inandığını bildirib. Fransa Prezidenti Emmanuel Makron isə bu görüşün Cenevrədə baş tuta biləcəyini deyib. Bu isə tərəflərin sülh müqaviləsində nə qədər maraqlı olduğunu göstərir.
“Çünki bu qədər mürəkkəb və Ukrayna üçün son dərəcə ağır bir vəziyyətdə belə, yeganə çıxış yolu yenə də sülhdür”, - deyə o fikrini sonlandırıb.
Töhfə Səməd
tag: İlqar Vəlizadə,Politoloq,Ukrayna,Qərb,Sülh,Todaypress.tv,
