Macarıstanlı ekspert: “Ermənistana silah göndərilməsinə mane olduğumuz üçün...”

Təhlil

23.05.2025 17:35

9

“Sülh Cənubi Qafqaz üçün yeganə çıxış yoludur”.

Macarıstanın Xarici Əlaqələr və Ticarət İnstitutunun baş elmi işçisi, professor Vaşa Laslo bunu TodayPress TV-yə danışarkən deyib. 

O, Cənubi Qafqazda sülhün təmin olunmasının vacibliyinə toxunaraq, xüsusilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasının regional sabitlik üçün əsas şərt olduğunu bildirib.

"Macarıstan 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə dəstəkləmişdi. Biz daim bildirirdik ki, Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz. Bu səbəbdən Avropa İttifaqı (Aİ) tərəfindən Qarabağın azad olunması ilə bağlı Bakıya qarşı tətbiq olunan istənilən sanksiya təşəbbüslərini də blokladıq. Ermənistan üçün də ən doğru yol sülh sazişinin imzalanmasıdır.

Əgər onlar bu gərgin münasibətləri davam etdirsələr, bölgədəki vəziyyət sadəcə pisləşməyə doğru gedəcək. Hazırda ermənilərin region üzrə nə Türkiyə, nə də Azərbaycanla əlaqəsi var. Yalnız İran və Gürcüstanla məhdud əlaqələr saxlayırlar və hələ də müəyyən mənada Rusiyadan asılı vəziyyətdədirlər. Bu isə Ermənistan üçün sadəcə risk mənbəyidir. Onlar tez bir zamanda bunun fərqinə varmalıdırlar”.

Professor əlavə edib ki, sülh razılaşması siyasi və iqtisadi əlaqələrin bərpası üçün imkan yaradacaq. Onun fikrincə, Macarıstan Cənubi Qafqazda sabitlikdə maraqlıdır və Türk Dövlətləri Təşkilatını (TDT) da bölgənin təhlükəsizliyinin təminatçısı kimi görür: 

"Biz bölgədə sabitliyin təmin olunmasında maraqlıyıq, çünki Orta Dəhliz və Azərbaycan üzərindən keçən nəqliyyat marşrutlarının inkişafı bizim iqtisadi maraqlarımıza uyğundur. Ermənistanla münasibətlər düzələcəyi təqdirdə, Zəngəzur dəhlizi məsələsinin də həll olunacağına inanırıq. Bu dəhliz nəhayət, mənəvi olaraq bir olan türk dünyasını fiziki olaraq da birləşdirəcək”.

Vaşa Laslo diqqətə çatdırıb ki, Macarıstan yalnız Azərbaycan-Ermənistan məsələsində deyil, Ukrayna ilə bağlı siyasətdə də münaqişənin hərbiləşdirilməsinin əleyhinədir. Onun sözlərinə görə, silahlanma yalnız  müharibənin vaxtını uzadır və həll yolunu gecikdirir. Macarıstan, Ermənistanla bağlı da eyni mövqedədir: 

"Biz dünyada sülh olmasını istəyirik. Əgər tərəfləri silahlandırsaq, bu, onları hərbi qarşıdurma üçün cəsarətləndirə bilər. Macarıstan Ukraynaya daşınan silahların da öz ərazisindən keçirilməsinə icazə vermir. Həmçinin ötən ay Aİ-nin Avropa Sülh Mexanizmi vasitəsilə Ermənistana əlavə 20 milyon avroluq hərbi yardım göstərməsinə mane olduq. Bu səbəbdən ölkəmiz Aİ daxilində bəzi dairələr tərəfindən tənqid edilir. Əksər Aİ ölkələri silah sistemləri göndərməkdə və müharibəni maliyyələşdirməkdə israrlıdır. Ancaq bu qədər resurs müharibəyə yönəldilərsə, o zaman münaqişələrin sonu olmayacaq. Biz isə əksinə, dayanıqlı sülhün tərəfdarıyıq” deyə o nitqini sonlandırıb. 

Töhfə Səməd

tag: Vaşa Laslo,Professor,Macar,Azərbaycan,Ermənistan,Macarıstan,Todaypress.tv,