Bölgədə sabitlik SUAL ALTINDA: İsrailin əməliyyat planı işə düşür?
Təhlil
26.11.2025 17:15
İsrail İordan çayının qərb sahilində genişmiqyaslı antiterror əməliyyatına başlayıb. Müdafiə Qüvvələri bildirir ki, bölgədə terrorun möhkəmlənməsinə imkan verilməyəcək və əməliyyata sərhəd polisi ilə təhlükəsizlik xidməti də cəlb olunub.

Bəs bu İsrail-Fələstin qarşıdurmasında vəziyyəti hansı istiqamətə aparır və bu addım gərginliyin yeni mərhələsinə səbəb ola bilərmi?
Mövzunu TodayPress TV-yə şərh edən siyasi analitik Şakir Ağayev bildirib ki, İsrailin bu əməliyyatı bölgədə onsuz da kövrək olan atəşkəsi yenidən sual altına qoyur:
![]()
"Dünən gecədən etibarən İsrail Müdafiə Qüvvələri İordan çayının Qərb sahilində “terror əməliyyatı” adı altında, “təmizləmə işləri” aparmaq bəhanəsi ilə bir sıra genişmiqyaslı hərbi əməliyyatlar həyata keçirib. Bu əməliyyatlara əsasən sərhəd xidməti, polis və təhlükəsizlik qurumları cəlb olunub".
Ekspert qeyd edib ki, atəşkəs olsa da, İsrail zaman-zaman Qəzzada hədəfli əməliyyatlara davam edir:

“Bilirsiniz ki, İsraillə HƏMAS, ümumilikdə Fələstin arasında ABŞ prezidenti Donald Trampın birbaşa iştirakı və vasitəçiliyi ilə əldə olunan kövrək atəşkəsdən sonra bir neçə dəfə oxşar hallar yaşanıb. Həmin dövrlərdə İsrail Qəzzanın müəyyən ərazilərinə hava zərbələri endirib, antiterror əməliyyatları keçirib və HƏMAS-ın bir neçə əsas üzvünün zərərsizləşdirildiyini elan edib”.
Analitik prosesdə bir sıra maraqlı məqamlara diqqət çəkib:
"Maraqlı məqam odur ki, bu dəfə əməliyyatlarda iştirak edən hərbçilərin adı çəkilmir – İsrail prosesə daha çox polis və təhlükəsizlik strukturlarını cəlb edir və bunu genişmiqyaslı hərbi hücum kimi qələmə vermir. ABŞ də bu məsələlərə göz yumur, çünki məlumdur: Vaşinqton İsrail hökumətini daha çox müdafiə edir və bütün mövqelərini “HƏMAS tam tərk-silah olunmayınca təhlükə qalır” tezisi ilə əsaslandırır".
Şakir Ağayev, həmçinin vurğulayıb ki, vəziyyətin genişmiqyaslı müharibəyə çevrilməsi real görünmür:

"Təbii ki, bu yanaşma növbəti gərginlik dalğası yaradır və yarada bilər. Onsuz da İsrail-Fələstin atəşkəsi son dərəcə həssas və kövrəkdir. Amma hesab edirəm ki, bu vəziyyət əvvəlki müharibə səviyyəsində genişmiqyaslı toqquşmalara səbəb olmayacaq, çünki bu, nə ABŞ-nin, nə də ümumi regional aktorların maraqlarına uyğundur".
O, sonda əlavə edib ki, buna baxmayaraq, bölgədə qalıcı sabitlik real deyil:
"Lakin nə qədər ki, Fələstin dövlət kimi qurulmayıb, nə qədər ki, iki dövlət prinsipi real şəkildə həyata keçirilməyib, bu kimi problemlər və mütəmadi gərginliklər davam edəcək. İsrail-Fələstin münaqişəsinin tam və dayanıqlı həlli üçün yeganə yol iki dövlət prinsipinin reallaşdırılmasıdır. Yalnız bundan sonra Yaxın Şərqdə uzunmüddətli sakitlik və stabillik mümkün ola bilər".
Jalə Rövşən
tag: Şakir Ağayev,Siyasi ekspert,İsrail,Əməliyyat,Todaypress.tv,
