Bakı, yoxsa İrəvan... - “3+3” formatı yenidən GÜNDƏMDƏ
Təhlil
15.08.2025 14:53
“Ermənistanla Azərbaycan arasında baş tutan Vaşinqton görüşündən sonra tərəflər arasında yaxınlaşma artıq qaçılmaz idi. Növbəti mərhələdə Ermənistan Konstitusiyasının dəyişdirilməsi və Azərbaycanla sülh müqaviləsinin imzalanması gözlənilir”.
Politoloq Rusif Məmmədsoy bunu TodayPress TV-yə açıqlamasında deyib.
O diqqətə çatdırıb ki, bütün bu proseslərdən sonra yaxın perspektivdə yolların açılması, kommunikasiya əlaqələrinin genişlənməsi və iqtisadi maraqların ön plana çıxması ehtimalı yüksəkdir. Bu kontekstdə Ermənistan cəmiyyətində də anlayış formalaşır ki, 30 il əvvəl buraxılan səhvlərin təkrarlanması yolverilməzdir. Əks təqdirdə, nəticələr daha ağır ola bilər.
“3+3” formatına gəlincə, Azərbaycan və Türkiyənin təşəbbüsü ilə formalaşan bu platforma region ölkələrini əməkdaşlığa təşviq edən önəmli addımdır. Gürcüstanın əvvəllər Rusiyanın iştirakı səbəbindən bu formata isti yanaşmaması və digər amillərə görə bu proses müəyyən qədər ləngimişdi. Bununla belə, ümumilikdə əməkdaşlıq üçün real imkanlar hələ də qalmaqdadır”.
Analitikin fikrincə, daha mühüm məsələ Azərbaycan və Ermənistan nümayəndələrinin ya Bakıda, ya da İrəvanda bir araya gəlməsinin artıq zəruri və qaçılmaz olmasıdır. Ermənistan rəsmisinin son açıqlamaları da bu istiqamətdə praktiki addımların atılacağını göstərir:
“Əslində, Azərbaycanla Ermənistan arasında uzun müddətdir ki, diplomatik kanallar açıqdır və bu məsələlərin pərdəarxasında da müzakirə edildiyinə şübhə yoxdur”, - deyə o vurğulayıb.
Qeyd edək ki, Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan İranın “IRNA” agentliyinə müsahibəsində bildirib ki, “3+3” formatında növbəti görüş Bakıda və ya İrəvanda keçirilə bilər.
Qiymət Mahir
tag: Rusif Məmmədsoy,Ekspert,Bakı,İrəvan,Todaypress.tv,
