İrəvan qazılığı geri döndü: Gələcəyə nə vəd edir?

Təhlil

24.05.2025 11:48

118

“Qafqaz Müsəlmanları Qazılar Şurası tərəfindən İrəvan qazılığının bərpa edilməsi Qərbi Azərbaycana qayıdış yolunda mühüm addımdır”. 

Milli Məclisin deputatı Hikmət Babaoğlu bunu TodayPress TV-yə danışarkən deyib.

O, Qərbi Azərbaycan coğrafiyasında Azərbaycan xalqının yaratdığı zəngin İslam dini abidələrinə diqqət çəkib:

“Müsəlman dininin daşıyıcıları olaraq azərbyacanlılar Qərbi Azərbaycan torpaqlarında, İrəvan başda olmaqla digər bütün ərazilərdə tarixən həmişə özlərinin dini abidələrini yaradıb və öz inanclarına uyğun olaraq ibadətlər həyata keçiriblər. Çox təəssüf ki, 1988-1991-ci illərdə Azərbaycan xalqı öz tarixi torpaqları olan İrəvandan məcburi deportasiyaya və etnik təmizlənmə siyasətinə məruz qaldıqdan sonra burada yaradılmış dini abidələrimiz başsız qalıb. Mədrəsələrimiz, məscidlərimiz dağıdılıb. Şübhəsiz ki, Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışı kontekstində bu məsələ çox aktualdır. Nəticə etibarı ilə inancsız xalq mümkün deyil. Öz tarixi torpaqlarında əcdadlarının inancını sürdürmək üçün imkanlar əldə etməlidirlər”.

Deputat 1918-ci ildə Osmanlı və Ararat Respublikası arasında imzalanan sənədi xatırladıb:     

“Hələ 1918-ci il iyul ayında Osmanlı ilə o zamankı Ararat Respublikası arasında imzalanmış sənədə görə, Ermənistan ərazisində yaşayan müsəlmanların hüquqlarının qorunması, ibadət yerlərinə sərbəst gediş-gəlişin təmin olunması və hətta neçə vaxt azan verib, namaz qılmalarına qədər o zamankı Ermənistan dövləti öz üzərinə öhdəlik götürüb. Çox təəssüf ki, bu gün onların heç biri artıq yoxdur, amma böyük ümid, perspektiv var. Bu baxımdan İrəvan qazılığının bərpası mühüm əhəmiyyət kəsb edir”.

Qeyd edək ki, mayın 22-də Qafqaz Müsəlmanları İdarəsində İrəvan Qazılığı ilə bağlı Əsasnamə qəbul olunub. İrəvan Qazılığı ilkin mərhələdə Qafqaz Müsəlmanları İdarəsinin binasında yerləşəcək. Bəxtiyar Nəcəfov isə səsvermə nəticəsində İrəvan qazısı seçilib.     

Qiymət Mahir

tag: Hikmət Babaoğlu,Deputat,İrəvan,Qazılıq,Todaypress.tv,

photo