Prezidentlərin görüşündən sonra ziddiyyətli addım: Moskvanın diaspor siyasəti nə vəd edir?
Təhlil
16.10.2025 16:32
Rusiyanın Ulyanovsk vilayətindəki Azərbaycan diasporunun rəhbəri, “Ulyanovsk Regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti” ictimai birliyinin sədri, 56 yaşlı İslam Hüseynov Rusiya vətəndaşlığından çıxarılıb.
Belə ki, onun ölkədən deportasiya ediləcəyi bildirilir.
Məlumata görə, bu qərar regional Daxili İşlər Departamenti və Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB)-nin Ulyanovsk vilayəti üzrə idarəsinin birgə qərarı ilə verilib.
Qərarın səbəbi barədə hələlik rəsmi məlumat verilməyib.
İslam Hüseynov da mətbuata açıqlama verməkdən imtina edib.
Məsələ ilə bağlı TodayPress TV-yə açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Rusiya Azərbaycan diasporu ilə bağlı siyasətində ciddi dəyişikliklər edir:
"Moskva xüsusi olaraq Rusiyada fəaliyyət göstərən Azərbaycan diasporlarının rəhbərlərinə təzyiq göstərir, onları rəsmi Bakı ilə əlaqələrini kəsməyə və Moskvanın normativlərinə uyğun hərəkət etməyə məcbur edir. Vətənpərvər Azərbaycan diaspor rəhbərləri vətəndaşlıqdan çıxarılır və onların yerinə Moskvanın siyasətinə uyğun şəxslər gətirilir. Bu isə Rusiya-Azərbaycan münasibətlərində yenidən siyasi gərginlik yarada bilər".
Ekspert qeyd edib ki, münasibətlərin normallaşması fonunda bu ziddiyyətli addım olaraq qiymətləndirilə bilər:
"Prezidentlərin görüşü keçirildi və iki tərəf normal münasibətlər qurmağa çalışırdı. Azərbaycan buna sadiqdir. Amma görürük ki, Rusiya siyasətində hələ də problemlər mövcuddur. Azərbaycan diasporası ilə bağlı Moskva yalnız öz maraqlarına uyğun siyasət yürütməyə çalışır. Təbii ki, Azərbaycan tərəfi bununla razı olmayacaq. Çünki Rusiyada Azərbaycana vətənpərvər diaspor rəhbərləri lazımdır. Əgər Moskvadan təyin olunmuş şəxslər rəhbərliyə gətiriləcəksə, bu Azərbaycana qarşı təxribat siyasəti olacaq. Növbəti mərhələdə Rusiya bu siyasətini davam etdirsə, diaspor ilə rəsmi Bakı arasında münasibətlər sağlam olmayacaq”.
Jalə Rövşən
tag: Məhəmməd Əsədullazadə,Politoloq,Moskva,Diaspor,Todaypress.tv,
