Avropalı ekspertlər arasında fikir ayrılığı: Ukraynanın aqibəti necə olacaq? – TƏHLİL
Təhlil
19.08.2025 17:18
Rusiya-Ukrayna müharibəsi beynəlxalq gündəmin ən mühüm mövzularından biri olaraq qalmaqda davam edir. Münaqişənin taleyində Qərbin mövqeyi və atacağı addımlar həm Ukrayna, həm də Avropa üçün həlledici xarakter daşıyır. Siyasi, hərbi və diplomatik müstəvilərdə müxtəlif yanaşmalar irəli sürülsə də, əsas sual dəyişməz qalır: Qərbin dəstəyi Ukraynaya qələbə qazandıra biləcəkmi?
Avqustun 18-də ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Avropa liderləri - Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Merts, İtaliyanın Baş naziri Corcia Meloni, Finlandiya Prezidenti Aleksandr Stubb və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen - ilə mühüm görüş keçirib. O, Rusiya-Ukrayna münaqişəsinin həlli perspektivlərinin “bir-iki həftə” ərzində aydınlaşacağını bəyan edərək, Avropa İttifaqı (Aİ) liderləri və Ukrayna Prezidenti Volodimir Zelenski ilə müzakirələrdən sonra Rusiya ilə üçtərəfli görüşün mümkünlüyünə ümid etdiyini vurğulayıb. Zelenski də öz növbəsində ABŞ liderinin təşəbbüsünü dəstəkləyərək yaxın günlərdə Rusiya Prezidenti Vladimir Putinlə danışıqlara hazır olduğunu açıqlayıb.
Həmin görüşdə çıxış edən Avropa liderləri isə Moskva ilə Kiyev arasında sülh sazişinin yaxın gələcəkdə imzalanacağına ümid etdiklərini bildiriblər.
Bəs, Ukrayna və Qərb ölkələrindən olan ekspertlər Avropanın bu müharibədəki rolunu necə qiymətləndirir?
TodayPress TV-yə danışan ukraynalı politoloq Maksim Yali ölkəsinə göstərilən dəstəyə görə Qərb ölkələrinə minnətdar olduğunu açıqlayıb:
"Etiraf etmək lazımdır ki, Qərbin, ilk növbədə ABŞ-nin dəstəyi olmasaydı, Ukrayna üç il yarım davam edən, Rusiya tərəfindən aparılan genişmiqyaslı hərbi təcavüzə qarşı bu qədər effektiv şəkildə müdafiə olunaraq cəbhə xəttini saxlaya bilməzdi. Buna görə də, tərəfdaşlarımızın köməyini, şübhəsiz ki, minnətdarlıqla qarşılayırıq. Axı həmin tərəfdaşlar hələ 1994-cü ildə, Ukrayna dünyanın üçüncü ən böyük nüvə potensialından imtina etdiyi zaman, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə yazılı təhlükəsizlik təminatları vermişdilər. Bunun üçün təşəkkür edirəm!".
M.Yalinin sözlərinə görə, bu gün Ukraynanın əsas gözləntisi yenə də Qərbdəndir. Burada Rusiyaya təzyiqi artırmaq, yeni sanksiyalar tətbiq etmək və onu danışıqlara məcbur etməklə müharibəni dayandırmaq nəzərdə tutulur.
"Məqsəd Ukraynanın maraqlarına uyğun, rus təcavüzündən doğan itkilərin ödənilməsini nəzərdə tutan sülh sazişinin imzalanmasıdır. Ölkəmiz bu itkiləri 2014-cü ildən başlayan və 11 ildən çox davam edən müharibə ərzində verib.
Əslində, danışıqlar təxminən yarım ildir ki, davam edir və müəyyən nəticələr də var. Söhbət Almaniya kansleri Fridix Mertsin açıqlamasından gedir ki, Tramp yaxın iki həftə ərzində Putinlə Zelenskinin görüşünü təşkil etmək barədə razılıq verib. Bu görüşdə Ukrayna tərəfi mümkün ərazi kompromisini müzakirə etməyə hazır olacaq. Buna görə də, şübhəsiz ki, son bir həftə ərzində danışıqlar prosesində ciddi irəliləyiş əldə olunub. Çünki Rusiya indiyədək ikitərəfli görüşün keçirilməsi imkanını tamamilə rədd edirdi", - deyə o qeyd edib.
Ukraynanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə hərtərəfli dəstək verən ölkələrdən biri də İtalyadır.
İtaliyalı politoloq Dominiko Letisiya açıqlamasında bildirib ki, Rusiya uzun illərdir, həm öz sərhədləri daxilində, həm də işğal etdiyi və ya onun təşəbbüsü ilə münaqişələrə cəlb olunmuş ərazilərdə insan haqlarını sistematik şəkildə pozan siyasət yürüdür:
"Rusiya 2014-cü ildə başlayıb 2022-ci ildə genişləndirdiyi Ukraynaya qarşı işğalçı siyasəti ilə beynəlxalq hüququ pozdu. Suveren bir dövlətə hücum etdi və bir çox beynəlxalq təşkilat tərəfindən sənədləşdirilmiş cinayətlər törətdi. Bunların arasında ukraynalı uşaqların zorla deportasiyası, mülki infrastrukturun bombardman edilməsi, işğal olunmuş ərazilərdə zorlamalar və işgəncələr var. Hətta Beynəlxalq Cinayət Məhkəməsi Putin barəsində hərbi cinayətlərə görə həbs qərarı çıxarıb. Rusiya, həmçinin Suriya, Belarus və Afrikadakı avtoritar rejimləri dəstəkləməklə vətəndaş müharibələrinin, repressiyaların və regional qeyri-sabitliyin artmasına töhfə verib.
Məhz buna görə də Rusiyanın davranışlarını ifşa etməyə və insan hüquqlarının, milli suverenliyin və qaydalara əsaslanan beynəlxalq nizamın müdafiəsini davam etdirməyə ehtiyac var. Sükut və ya biganəlik isə yolverilməz bir həmkarlıq demək olardı".
Ekspertə görə, Rusiya-Ukrayna müharibəsində Qərbin rolu indiyədək həlledici olub və hələ də qalır. NATO ölkələri, Avropa İttifaqı və ABŞ Ukraynanı hərbi, iqtisadi və humanitar yardımlarla dəstəkləyərək, bir tərəfdən Rusiyanın təcavüzünü dayandırmağa, digər tərəfdən isə beynəlxalq hüququn və milli suverenliyin prinsiplərini qorumağa çalışıblar. Lakin bu dəstək eyni zamanda mövqelərin sərtləşməsinə də səbəb olub: Moskva Qərbin müdaxiləsini birbaşa təhdid kimi görür, Kiyev isə danışıqlarda geri çəkilməmək üçün bu dəstəyə güvənir. Nəticədə müharibə dalana dirənib – hər iki tərəfin minimal ərazi qazancları var, amma insan və iqtisadi itkilər son dərəcə yüksəkdir.
D.Letisiya, həmçinin əlavə edib ki, sülh danışıqları rəsmi və qeyri-rəsmi formatlarda fasilələrlə davam etsə də, konkret nəticə vermir. Çünki Moskvanın irəli sürdüyü şərtlər – məsələn, işğal olunmuş ərazilərin ilhaqının tanınması – nə Kiyev, nə də Qərb üçün qəbulediləndir.
"Sülhün əldə olunmasına gəlincə, əvvəl-axır bəli, lakin yaxın gələcəkdə bu, real görünmür. Bu, yalnız münaqişəyə cəlb olunmuş ölkələrin hərbi, siyasi və ya daxili balansında əhəmiyyətli dəyişiklik baş verdiyi halda mümkün ola bilər", - deyə müsahibimiz yekunlaşdırıb.
Böyük Britaniyadan olan politoloq-jurnalist Neil Vatsonun qənaətincə, Qərb Rusiya-Ukrayna müharibəsində həlledici, lakin mürəkkəb və qeyri-müəyyən rol oynayıb.
O da ABŞ, Böyük Britaniya və Aİ ölkələrinin Ukraynaya hərbi, iqtisadi və humanitar yardım göstərməkdə mühüm rol oynadığını vurğulayır. Lakin…
"Bu dəstək Ukraynanın özünü müdafiə etməsi və Rusiya irəliləyişlərinə müqavimət göstərməsi baxımından həyati əhəmiyyət kəsb edib. Digər tərəfdən isə Qərb gücləri incə diplomatik xətt üzərində hərəkət edərək həm çəkindirmə, həm də gərginliyi azaltma cəhdlərini tarazlaşdırmağa çalışıblar. Bu isə qlobal risklərin mövcudluğu, xüsusilə Rusiya və onun müttəfiqlərinin (Şimali Koreya, İran) nüvə imkanları, həmçinin “Dəmir pərdə”nin o tayında yerləşmiş və hələ də ikili münasibət, qorxu və narahatlıq içində olan Mərkəzi və Şərqi Avropa ölkələrinin rusiyayönümlü yanaşmaları fonunda daha da çətinləşib", - deyə N.Vatson diqqətə çatdırıb.
Analitik birbaşa və ya Türkiyə, BMT və Afrika liderləri kimi vasitəçilər üzərindən aparılan müxtəlif danışıqlar raundlarına baxmayaraq, konkret sülhün hələ də əldə olunmadığından bəhs edib:
"İki tərəf arasında əsas fikir ayrılıqları, xüsusilə ərazi bütövlüyü, suverenlik və NATO ilə bağlı məsələlər sülh yolunda ən böyük maneələr olaraq qalmaqdadır. Bundan əlavə, Qərb ölkələrində sağa meylli siyasi dəyişikliklər, iqtisadi problemlər, COVİD-19 məhdudiyyətlərinin nəticələri və bəzi ölkələrdə artan yorğunluq onların strateji məqsədlərinin aydınlığını zəiflədib.
Sülhün nə vaxtsa əldə olunacağına gəldikdə isə, uzunmüddətli perspektivdə əksər münaqişələr müəyyən siyasi razılaşma ilə nəticələnir. Lakin hazırkı şəraitdə nə Rusiya, nə də Ukrayna mövcud rəhbərlikləri ilə davamlı razılaşma üçün zəruri güzəştlərə hazır görünmürlər. Gələcək çox şeydən, o cümlədən əsas Qərb ölkələrindəki seçkilərin nəticələrindən, cəbhədəki vəziyyətin dəyişməsindən və Rusiyanın daxili sabitliyindən asılı ola bilər. Gələcəkdə sülh mümkündür, lakin bu, yalnız qüvvələr nisbətində, siyasi iradədə və ya münaqişə tərəfi olan iki ölkənin rəhbərliyində əhəmiyyətli dəyişikliklər baş verdikdən sonra daha real görünür".
Alman politoloq Aleksandr Rarın fikrincə isə, Qərb Ukrayna münaqişəsi məsələsində parçalanmış vəziyyətdədir:
"Trampın rəhbərliyi altında ABŞ sülh əldə etmək istəyir, lakin bu, yalnız Ukraynanın qismən kapitulyasiyası ilə mümkündür. Avropa İttifaqı isə mənəvi mövqedən çıxış edərək hesab edir ki, Rusiya Ukraynaya qarşı başladığı təcavüzkar müharibəyə görə cəzalandırılmalı və strateji məğlubiyyətə uğramalıdır. Reallıq isə ondan ibarətdir ki, Rusiya bu müharibəni uduzmayacaq. Avropa İttifaqı isə bunu qəbul etmək istəmir".
Qiymət Mahir
tag: Avropa,Ekspertlər,Ukrayna,Tale,Todaypress.tv,