İran cənubdan bombalananda Şimalından – Azərbaycandan humanitar yardım alırdı – Savaşın Bakı üçün nəticələri
Təhlil
09.04.2026 14:40
İran müharibəsinin yaratdığı keys və davranış modeli bir çox ölkələr üçün böyük ölçüdə dərs idi. Biz, ölkə olaraq, bu mərhələlərdə elə bir forma seçdik ki, İran ətrafında bütün dövlətlər qırmızıya boyandığı bir formada Azərbaycan rəngini qorumağa davam etdi.
Statistikaya görə İran təmxinən qonşu olduğu 14 ölkənin hamısı ilə yarım/müharibə vəziyyətindədir.
Bu və ya başqa formada atəş altına düşüb, zərbələrə məruz qalıb.
Amma siyahıda olan Azərbaycan üçün mütləq fərqli baxmaq lazımdır.
14 mart 1946 – Bağırovun Pişəvəri, Şabustari və Cavid ilə görüşündən sonra Stalininə raport/teleqramı

Bağırov görüşdə Stalinin göstərişi ilə vəziyyəti izah edir və Pişəvərinin reaksiyasını bildirir:
“Kavama inanmırlar... İranda vətəndaş müharibəsi və azərbaycanlı-kürd qırğını qorxusu var. Yeganə zəmanət Sovet vasitəçiliyidir.” (Pişevəri cavab verdi:) “Bu, 1920-ci il Gilan hadisələrini xatırladır... yenə aldadılacağıq.”
Bağırov əlavə edir ki, Xalq Hökuməti rəhbərləri Sovet qoşunlarının çıxarılmasından sonra vəziyyətin çətinləşəcəyindən qorxurlar.
Daha sonra 14 aprel 1946 – Bağırovun Stalininə teleqramı

Bu teleqramda sovet vətəndaşlarına və pro-sovet iranlılara qarşı hücumlar haqqında məlumat verilir:
“İran Azərbaycanında sovet vətəndaşlarına və pro-sovet iranlılara qarşı zorakı hücumlar baş verir. ... Mühəndisin döyülməsi, sovet kapitanının qızına zorakılıq halları qeydə alınıb.”
21 noyabr 1945 – Bağırov – Stalin, Molotov, Beriya və Malenkova

ADP-nin fəaliyyəti və sovet dəstəyi haqqında:
“Cənubi Azərbaycanda demokratik hərəkatı təşkil etmək üçün Azərbaycan SSR-dən 1400-dən çox partiya, sovet, mədəniyyət, hərbi və digər işçilər göndərilib.”
Qısa tarixi arayış verməkdə məqsədimiz İranla bağlı məsələlərdə vaxtilə nə qədər irəli getdiyimizi göstərməkdir.
“Dumanlı Təbriz”, “Gələcək Gün”ün qəhrəmanları, dar ağacından sallanan Firudin İbrahimilər, Araz sularında boğulan Səməd Behrəngilər, Səttarxanlar, Xiyanabilər, Pişəvərilər kimi böyük tarixi yazan qəhrəmanlara baxmayaraq, tarixi birlik baş tutmamış, İran daha da ziddiyyətli coğrafiyaya çevrilib, soyuq müharibənin məşq zonasına dönmüşdü.
Güney Azərbaycan və İran məsələsinin o qədər böyük aktorları var ki, tarixin üfüqlərində Stalinin, Hitlerin, Ruzveltin, Çörçilin kölgələri görünür.
1946-cı ilin sərt qışında, Moskvada soyuq bir səhər günü, İranın baş naziri Əhməd Qəvam əs-Səltənə xüsusi qatarla Kremlə gəlmişdi. Qarşısında isə o dövrün ən qorxulu adamı – İosif Stalin dayanırdı. Bu görüş əslində Soyuq Müharibənin ilk böyük diplomatik qarşıdurmalarından biri idi və təəssüf ki, Cənubi Azərbaycan taleyini həll edən ən kritik məqamlardan biri kimi tarixə yazıldı.

Qəvam 68 yaşında təcrübəli, hiyləgər və soyuqqanlı bir siyasətçi idi. O, İranda “qoca tülkü” ləqəbi ilə tanınırdı. Stalin isə qoşunlarını İrandan çıxarmaq istəmirdi və Cənubi Azərbaycanda yaratdığı Xalq Hökumətini qorumaq, üstəlik şimal neftini ələ keçirmək arzusundaydı.
21 fevral 1946-cı il. Stalin və Molotov Qəvamı qəbul edirlər. Stalin dərhal hücuma keçir:
— Britaniya İranda neftdən istifadə edir, bizə isə heç nə vermirsiniz. Bu ədalətsizlikdir!
Qəvam sakitcə cavab verir və 1921-ci il İran-Sovet müqaviləsinin mətnini stolun üstünə qoyur. Özü həmin müqavilənin bağlandığı vaxtda nazir vəzifəsində olduğunu xatırladır və deyir:
— Bu müqavilə sizə qoşun saxlamaq hüququ vermir. Əgər saxlasanız, bütün dünya sizi haqlı olaraq təcavüzkar hesab edəcək.
Stalin bu dəfə neft konsessiyası tələb edir. Qəvam isə ustalıqla cavab verir:
— İndiki Məclis xarici şirkətlərlə neft müqaviləsi bağlamağı qadağan edən qanun qəbul edib. Bu qanunu mən dəyişə bilmərəm. Yalnız yeni Məclis seçiləndən sonra baxmaq olar.
Stalin Azərbaycan məsələsində də təzyiq göstərir. Qəvam isə belə cavab verir:
— Konstitusiyamıza görə muxtariyyət vermək mümkün deyil. Əgər Azərbaycana versək, Kürdistan, Xuzistan və digər vilayətlər də tələb edəcək. İran parçalanacaq.
Görüşlər bir neçə gün davam edir. Stalin qəzəblənir, təhdid edir, amma Qəvam geri çəkilmir. Nəhayət, razılaşma əldə olunur: Sovet qoşunları çıxacaq, əvəzində Qəvam Sovetlərlə birgə neft şirkəti yaradılması haqqında müqaviləni Məclisə təqdim etməyi öhdəsinə götürür.
Lakin Qəvam çox usta oyun oynayırdı. O, Stalinin qarşısında “yumşaq” görünürdü, amma daxildə başqa planı var idi. Sovet qoşunları çıxdıqdan sonra yeni Məclis seçildi və neft müqaviləsini rədd etdi. Beləliklə, Qəvam həm Sovet qoşunlarını ölkədən çıxartdı, həm də neft konsessiyasını vermədi.
Bu hadisə Stalin üçün ciddi diplomatik məğlubiyyət oldu. Əlbəttə ki, əsas səbəb ABŞ Prezidenti Trumandan gələn sərt təzyiq idi və BMT-nin mövqeyi də Stalinin geri çəkilməsində böyük rol oynadı.
Bax, təəssüf ki, İran – Azərbaycan məsələsi belə dalğalanmalardan keçərək, bir xeyli qan itirdi.
![]()
Sonrakı illərin gedişatı da bir xeyli gərgin notlarla yadda qaldı, İranın Qarabağ məsələsindəki mövqeyi, Ermənistana verilən dəstək, Güney Azərbaycana qarşı törədilən hallar və s. bunun örnəkləri idi.
Lakin 20-ci əsr tarixinin yaşatdığı çatışmazlıqlar artıq günümüzdə mövcud deyil və Ölkəmiz Vətən savaşından sonra başqa bir mərhələyə qədəm qoymuş oldu.
Prezident İlham Əliyevin Qarabağ qalibiyyəti onun bütün İranda populyar liderə çevirdi, ən əsası Güney Azərbaycan bu zəfərdən təsirlənərək, yeni milli inkişaf, milli kimlik inşası mərhələsinə qədəm qoydu.
Bir növ heç bir xarici müdaxilə olmadan özlüyündən iki Azərbaycan arasında güclü bir bağ yarandı və bu Azərbaycan Respublikasının İranın dağıdıcı siyasət xəttinə rəğmən, ərazisindən heç bir qonşusu üçün istifadə edilməsinə izin verməyərək, onlara güclü təhlükəsizlik zəmanəti Verdi. Bu, təkcə İrana aid deyildi, eləcə də Rusiya bu siyasətin qazanclarını görmüş oldu.
Hazırda davam edən İran – ABŞ savaşı İran cəmiyyətində xalqın sosiologiyasında dərin iz buraxacaq.
Dini hakimiyyətin, xalqa ziddiyyətli mövqelərin olmasına baxmayaraq, İrana endirilən bombalardan xalq da nəsibini aldı və bunun geridə qoyduğu böyük bir nifrət buludu olacaq.
Təxminən, Şahedlərin Şahidliyi ilə bombalanan ərəb ölkələri tarixdə heç vaxt olmadığı kimi Qüdsün yox İsrailin Qəzasının ətrafında sıx birləşməyə məcbur olacaqlar.
İran xalqı ilə qonşu ərəb xalqlarının düşmənliyi intensiv və geniş müstəviyə keçəcək.
Sabitlik hesablaşma mərhələsinə aparacaq:
Bizə qarşı o dövrdə hansı qonşu necə davranıb tezisi işə düşəcək.
Cənubda İordaniyadan, BƏƏ-dən, Səudiyyədən İranı bombalamaq üçün qırıcılar qalxanda Şimal sərhədlərindən, Azərbaycandan humanitar yardım daşıyan TIR-lar yol alırdı.
Bax bu, tarixin heç bir nöqtəsində unudulmayacaq qədər möhtəşəm addım idi.
Özü də o qədər möhtəşəmdir ki, 40 il əvvəl erməni işğalının nəticəsində köçkün düşmüş soydaşlarımıza çadır şəhərciklərində yardım gətirib, on illər boyu başımıza qaxanlara da dərs idi.
Belə, tarix dərsdir, ibrət dərsi.

Əziz Əlibəyli - Beynəlxalq münasibətlər üzrə tədqiqatçı
tag: İran,Cənub,Şimal,Azərbaycan,Humanitar yardım,Todaypress.tv,
