Çin-Hindistan yaxınlaşması: “Düşmənimin düşməni...”

Təhlil

22.08.2025 15:57

“Asiya qitəsinin əsas rəqibləri məhz Çin və Hindistandır. Hər iki ölkə çalışır ki, bu rəqabət üçüncü tərəfin maraqlarını ifadə etmədən, birbaşa öz aralarında davam etsin”. 

Politoloq Fərhad Məmmədov bunu TodayPress TV-yə açıqlamasında bildirib. 

O vurğulayıb ki, Hindistanın Qərblə münasibətləri kifayət qədər yüksək səviyyədədir. Lakin ölkə hakimiyyəti də anlayır ki, əgər Qərbin əlində Çinə qarşı bir alətə çevrilsə, bu, ilk növbədə elə Hindistanın özü üçün mənfi nəticələr doğura bilər. Çünki Çin Mərkəzi Asiya, Pakistan, Əfqanistan və İranla əlaqələrdə Hindistandan daha güclü mövqeyə malikdir. 

“Belə bir şəraitdə Qərbin və ABŞ-nin Çinə qarşı həyata keçirdiyi fəaliyyətlərdə iştirak Hindistan üçün böyük təhlükə yarada bilər. Xüsusilə ABŞ Prezidenti Donald Trampın Hindistana qarşı bəyanat və addımları fonunda Çinlə münasibətlərin normallaşması həm situativ maraqlara cavab verir, həm də strateji yanaşmanın mühüm tərkib hissəsinə çevrilə bilər”, - deyə siyasi şərhçi əlavə edib. 

Qeyd edək ki, Çinin xarici işlər naziri Van İ Hindistana üç günlük səfəri zamanı bu ölkənin Baş naziri Narendra Modi ilə görüşüb. Van İnin Hindistana səfəri iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 75 illiyinə həsr olunub. Görüşdə ikitərəfli əməkdaşlığın inkişafı və sərhəd məsələləri müzakirə edilib. Sonuncu məsələ hər iki tərəf üçün əhəmiyyətlidir. Çünki, 2020-ci ildə məhz sərhəddə baş verən toqquşmalarda hər iki ölkənin sərhədçiləri arasında itkilər qeydə alınmış, bu olaydan sonra münasibətlər gərginləşmişdi. 

Aysel Mətləb

tag: Fərhad Məmmədov,Politoloq,Çin,Hindistan,Todaypress.tv,

photo