Trampın “sülh planı” Ukraynalı eskpertin ŞƏRHİNDƏ – Döyüşlər pik həddə çatıb! - VİDEO

Təhlil

27.11.2025 13:54

“Vaşinqtonun Ukrayna münaqişəsinin həlli üzrə təqdim etdiyi sülh planında maddə 28-dən 22-yə endirilsə də, onun təsdiqlənəcəyini düşünmürəm. Fikrimcə, bu qədər ətraflı işlənmiş formatda belə saziş Ukraynanın əsas tələblərinə, xüsusilə də ərazi məsələsi ilə bağlı dəyişməz mövqelərinə cavab vermir”.

Ukraynalı hərbi-siyasi ekspert Aleksandr Kovalenko bunu TodayPress TV-yə açıqlamasında deyib.


O bildirib ki, Ukrayna və Avropa tərəfindən edilən düzəlişlərdən sonra saziş Rusiya tərəfini də qane etmir:

“Buna görə də Ukrayna ilə Rusiyanın sülh sazişini imzalanmasına nə qədər yaxın olduqları barədə danışmaq mümkün deyil. Onlar bundan tamamilə uzaqdadırlar. Yaxınlıq yoxdur və perspektivlər də eynidir. Hazırda Ukrayna dərin diplomatik iş aparır ki, əslində kapitulyasiya aktını imzalamasın. 

Bu iş uğurla davam edir, lakin Ukrayna tərəfində tam gözlənilməz qüvvələr ortaya çıxıb. Onlar “Bloomberg” vasitəsilə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov arasındakı danışıqlarla bağlı məlumat sızdırıblar. Bu, Stiv Uitkoffun rəhbərlik etdiyi mövcud danışıqlar komandasını tamamilə diskreditə edir. Görünür, ABŞ Prezidenti Donald Tramp Ukrayna üzrə xüsusi nümayəndəsini dəyişib başqa diplomatla əvəz etməli olacaq".


Ekspert sülh sazişinin imzalanmasının hələ reallıqdan uzaq olduğunu qeyd edib. O düşünür ki, gələn il çox danışıq olsa da, nəticə minimal səviyyədə qalacaq:

“Digər tərəfdən, obyektiv olmaq lazımdır. Sülh sazişləri mürəkkəb diplomatik prosesdir, onlar bir anda və ya bir neçə gün ərzində imzalanmır. Bəzən aylarca davam edən müzakirələr və debatlar, bəzən isə illərlə uzanan proses tələb olunur. Ona görə də sülh sazişi bir anda əldə ediləcək bir şey deyil.


Hər müharibə sülh sazişi ilə bitir. Lakin sülh sazişi yalnız döyüş fəaliyyətləri zəiflədikdən sonra müzakirəyə çıxarılır. Hazırda isə Ukraynada döyüşlər ən yüksək mərhələdədir. Bu isə göstərir ki, döyüşlərin pik səviyyədə olduğu şəraitdə sülh və sazişlər haqqında danışmaq tamamilə məsuliyyətsiz və mənasızdır”.

Qeyd edək ki, Vaşinqtonun Ukrayna münaqişəsinin həlli üçün təqdim etdiyi plan artıq 28 maddədən 22-yə endirilib. 

Qiymət Mahir

TodayPress TV

tag: Aleksandr Kovalenko,Ukraynalı hərbi-siyasi eskpert,Tramp,Plan,Todaypress.tv,