ABŞ-nin Əfqanıstana qayıdışı: Trampın maraqları nələrdir? - Politoloq AÇIQLADI
Təhlil
19.09.2025 14:44
“ABŞ-nin "Baqram" hərbi bazasına qayıtması onun Əfqanıstana qayıtması kimi təqdim edilməlidir. Bu, həm təbii mineral ehtiyatlardan istifadə, həm də Çinə təsir imkanlarının güclü olmasından xəbər verir”.
Politoloq Yusif Bağırzadə bunu TodayPress TV-yə şərh edərkən bildirib.
“Bu addım prezident seçkilərində respublikaçılara əlavə üstünlük qazandırdı”
O vurğulayıb ki, Əfqanıstanın "Baqram" hərbi bazası ABŞ tərəfindən tikilmiş, istifadəyə verilmiş və uzun müddət ABŞ Hərbi Hava Qüvvələri tərəfindən istismar olunmuşdur.
“ABŞ-nin sabiq Prezidenti Co Baydenin dövründə bu bazanın tərk edilməsi demokratlar üçün mənfi nəticələrə səbəb oldu. Bu addım prezident seçkilərində respublikaçılara əlavə üstünlük qazandırdı. ABŞ Prezidenti Donald Tramp isə seçkiöncəsi çıxışlarında ABŞ-nin Əfqanıstandakı “Baqram” hərbi bazasından çıxmasını “biabırçı” bir qərar kimi qiymətləndirdi və bunu Bayden administrasiyasının xarici siyasətdə atdığı ən uğursuz addım kimi təqdim etdi”, - deyə analitik xatırladıb.
Onun sözlərinə görə, hazırda Tramp “Baqram” hərbi bazasını yenidən istifadəyə vermək üçün konkret addımlar atır. Bununla yanaşı, ABŞ administrasiyası ilə “Taliban” hərəkatı arasında bu istiqamətdə gizli danışıqların aparıldığı bildirilib.
“Hərbi avadanlıqlar “Taliban”ın nəzarətinə keçib…”
O bildirib ki, Baydenin prezidentliyi dövründə ABŞ-nin “Baqram” və ona bitişik digər hərbi bazaları tərk etməsi zamanı orada dəyəri milyardlarla ölçülən çoxsaylı hərbi texnika və silah-sursat qalıb. Nəticədə isə bu hərbi avadanlıqlar “Taliban”ın nəzarətinə keçib və ABŞ həmin resurslardan istifadə edə bilmir.
“Nəzərə almaq lazımdır ki, Əfqanıstan tranzit yollarının kəsişdiyi strateji mövqedə yerləşir, Çinlə yaxın qonşudur və zəngin təbii ehtiyatlara malikdir. Bu amillər ABŞ-ni Əfqanıstana cəlb edən əsas səbəblərdəndir. Dünyanın ən böyük yeraltı sərvətlərinə sahib olan ölkələrdən biri kimi, Əfqanıstanın minerallarından istifadə Trampın yeni xarici siyasət strategiyasına uyğun gəlir”, - deyə siyasi şərhçi fikrini yekunlaşdırıb.
Qeyd edək ki, sentyabrın 18-də ABŞ Prezidenti Donald Tramp Əfqanıstandakı “Baqram” aviabazasını geri qaytarmağa ümid etdiyini və bunun üçün müəyyən addımlar atıldığını bəyan edib.
Aysel Mətləb
tag: Yusif Bağırzadə,Politoloq,ABŞ,Əfqanıstan,Todaypress.tv,
