Elman Nəsirov: "Rusiya və Ukrayna bir-birini tükətmək taktikası yürüdür"

Təhlil

27.10.2025 16:09

Polşanın Baş Naziri Tusk bildirib ki, Ukrayna Prezidenti Volodimir  Zelenski ona müharibənin on il davam etməyəcəyinə ümid etdiyini, amma Ukraynanın daha iki-üç il döyüşməyə hazır olduğunu deyib.

Maraqlıdır, Zelenskinin Ukraynanın daha iki-üç il döyüşməyə hazır olduğunu bildirməsi Qərbin müharibəyə yanaşmasında hansı dəyişiklikləri sürətləndirə bilər və bu açıqlama Ukraynanın daxili resurslarının davamlılığı baxımından nə mesaj verir?

Sözügedən mövzunu TodayPress TV-yə şərh edən Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, müharibə artıq silahla yox, resursla aparılır:

"Ukrayna Prezidenti Volodimir Zelenski Polşanın Baş naziri Tuska bildirib ki, ölkəsi, yəni Ukrayna, Rusiya ilə daha 2-3 il döyüşməyə hazırdır. O ümid edir ki, bu müharibə daha 10 il davam etməz. Onun bu yanaşması göstərir ki, hələ 2-3 il ərzində sülh danışıqları və hər hansısa sülhün imzalanması ehtimalı demək olar ki, yoxdur. Bu yanaşma həm də onu göstərir ki, müharibə artıq resursların müharibəsinə çevrilib. Kimin resursu çoxdursa, onun bu müharibəni davam etdirmək potensialı var. Hər iki dövlət bir-birini tükətmək taktikası yürüdür. Yəni elə bir vəziyyət yaransın ki, Rusiya tərəfi, Zelenskinin məntiqinə görə, təzyiqlərə davam gətirməsin və iqtisadiyyatı çöksün".

O, həmçinin qeyd edib ki, müharibənin yaxın zamanda dayandırılması mümkün görünmür: 

"Xüsusilə də, Donald Tramp hakimiyyətə gələndən sonra ABŞ Rusiyaya qarşı heç bir yeni sanksiya tətbiq etməmişdi. Amma artıq enerji sektoruna qarşı bu sanksiyanı tətbiq etməyə başlayıb. Zelenskidə belə bir ümid formalaşmağa başlayıb ki, yeni reallıqda Rusiya iqtisadiyyatına bu ölümcül zərbə endiriləcək və maksimum 2-3 il ərzində Rusiya müharibəni dayandırmalı olacaq. Amma bu, real deyil. Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, ölkəsi yeni raketləri sınağa çıxarıb. Bu raketlər 14.000 km məsafə qət edir və havada 15 saat qala bilir, dünyada analoqu yoxdur. Putin, necə deyərlər, nüvə təhlükəsizliyi və nüvə daşıyan raketlərlə təzyiq dilində danışıb. Bu çıxış da Qərbdə çox böyük narahatlıq doğurub".

Ekspert son olaraq əlavə edib ki, Rusiyanın müharibəni dayandırmaq niyyəti yoxdur:  

"Görürük ki, sözün həqiqi mənasında resursların müharibəsi başlayır. Bu da onu deməyə əsas verir ki, Ukraynanın resursları 2-3 il davam edə bilər, yaxud da Ukraynaya böyük iqtisadi və hərbi dəstək lazımdır ki, bu müddət ərzində məsələni həll edə bilsin. Bu yanaşma 2026-cı il ərzində sülhün reallaşması ehtimalını da demək olar ki, istisna edir. Beləcə, vəziyyət gərgin olaraq qalır".

Jalə Rövşən 

TodayPress TV

tag: Elman Nəsirov,Deputat,Rusiya,Ukrayna,Todaypress.tv,

photo