“Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısı: HƏDƏF VƏ MƏQSƏDLƏR
“Rusiya tərəfi tətbiq olunan sanskiyaları ironiya ilə qarşılayır, sanksiyaların onların iqtisadi-siyasi dayaqlarını zəiflətmək əvəzinə gücləndirdiyi fikrini irəli sürür. Buna görə də Albaniyanın paytaxtı Tiranada keçirilən “Avropa Siyasi Birliyi”nin altıncı sammitinin əsas leytmotivi Rusiyaya qarşı sanksiyaların daha da sərtləşdirilməsi olub”
Politoloq Elşad Mirbəşiroğlu bunu TodayPress TV-yə danışarkən deyib.
O xatırladıb ki, 2022-ci ildə Rusiya-Ukrayna münaqişəsinin başlanmasından sonra yaradılmış “Avropa Siyasi Birliyi”nin ilkin hədəflərinə rəsmi Moskvaya qarşı ortaq mövqe sərgiləmək prinsipi durub. Bu məqsədlə mayın 16-da baş tutan sammitdə 47 ölkənin dövlət və hökumət başçısının iştirakı, həm Avropanın daxili həmrəyliyinin, həm də geosiyasi gərginliklərin fonunda diplomatik fəallığın göstəricisi kimi qiymətləndirilməlidir.
“Sammitdə iştirak edən Avropa liderləri yeni sanksiyalar paketinin hazırlanması ilə bağlı bəyanatlar versələr də, bu tədbirlər daha çox siyasi mesaj xarakteri daşıyır. Çünki Rusiya tərəfi bu addımları ironiya ilə qarşılayır və bildirir ki, sanksiyalar onların iqtisadi-siyasi dayaqlarını zəiflətmək əvəzinə gücləndirib. Bundan başqa, iki ölkə arasındakı danışıqların mümkün gedişatı da sammit çərçivəsində dəyərləndirilib. Lakin Avropa liderlərinin bu proseslərə birbaşa təsir imkanları olduqca məhduddur. Çünki Avropa liderləri Rusiya ilə birbaşa əlaqə qurmaqda çətinlik çəkir. Hətta onlar Rusiya prezidenti Vladimir Putinə dəfələrlə müraciət etsələr də, çağırışlarının cavabsız qaldığını bildirirlər. Bu isə Avropa İttifaqının regional proseslərə təsir gücünü sual altına alır”.
Analitik diqqətə çatdırıb ki, ABŞ prezidenti Donald Tramp da Avropa liderlərinin ondan Putinlə təmaslar qurmağı xahiş etdiklərini bildirib. Müdaxilə əzmini itirən Avropa gücləri indi sadəcə olaraq Ukraynaya əvvəlki dəstək istəklərini nümayiş etdirirlər. Bundan başqa, politoloq, sammit çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin çoxsaylı ikitərəfli təmaslarına xüsusi diqqət çəkib:
“Dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb, Ermənistanın Baş naziri Nikol Paşinyanla qısa qeyri-rəsmi dialoqu baş tutub, eləcə də bir sıra Avropa ölkələrinin liderləri ilə fikir mübadiləsi aparıb. Bu cür təmasları gələcək əməkdaşlıq imkanlarının müzakirəsi baxımından əhəmiyyətli sayılır. Həm də sammitdə Azərbaycanın fəal iştirakı, regional və ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır”.
Qeyd edək ki, “Avropa Siyasi Birliyi”nin altıncı sammiti mayın 16-da bütün qitənin liderlərini Albaniyanın paytaxtı Tiranada “Yeni dünyada yeni Avropa: Birlik - Əməkdaşlıq - Birgə fəaliyyət” mövzusunda bir araya gətirib.
Töhfə Səməd
tag: Elşad Mirbəşiroğlu,Politoloq,Avropa Siyasi Birliyi,6-cı Zirvə toplantısı,TodayPress.tv,
