“Gələcəyin xəbərçiləri” İran rejimi haqqında nə deyir? – ŞƏRH
Təhlil
24.06.2025 16:12
“Xamenei rejiminin sonu yaxınlaşır, lakin bu, daxili inamsızlıq üzündən gecikə bilər”.
Politoloq Natiq Miri bunu TodayPress TV-yə açıqlamasıda bildirib.
Onun sözlərinə görə, "Time" jurnalının üz qabığında İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin fotosunun yerləşdirilməsi ciddi geosiyasi mesaj daşıyır. Çünki Qərb media orqanları yalnız informasiya deyil, eyni zamanda beynəlxalq siyasi güclərin mesaj platforması funksiyasını da daşıyır. Onların yaydığı materiallar çox vaxt rejim dəyişikliklərinə dair xəbərdarlıqlar xarakteri daşıyır və konkret şərtlərin qəbul olunmaması halında hansı nəticələrin ola biləcəyinə dair “nümunəvi aqibət” mesajı verilir.
"Xamenei və rəhbərlik etdiyi rejim eyni itaətsizlik və eqoist yanaşmanı davam etdirir. Onlar özlərini "alim", xalqı isə "cahil" saydıqları üçün nə daxili, nə də xarici tələblərə məhəl qoymurlar. Bu isə ən yüksək formada siyasi eqoizmdir”, - deyə o əlavə edib.
Analitikin fikrincə, rejimin aqibəti artıq beynəlxalq mediada legitimləşdirilir - bu mesajlar İsrail və ABŞ səviyyəsində artıq səsləndirilməyə başlayıb və qlobal informasiya məkanında da dəstəklənir.
Qeyd edək ki, "Time" jurnalı üz qabığında bir hissəsi rənglənmiş formada, "Yeni Yaxın Şərq" başlığı altında Xameneinin fotosunu yerləşdirib. Maraqlısı budur ki, daha əvvəllər İraqın sabiq prezidenti Səddam Hüseynin və Liviya lideri Müəmmar Qəddafinin də eyni tərzdə fotoları bu jurnalın üz qabığına yerləşdirilmişdi. Avropada isə "Time" və "The Economist" jurnalları gələcəyin xəbərçiləri hesab olunur.
Töhfə Səməd
tag: Natiq Miri ,Politoloq,İran,Rejim,Todaypress.tv,
