Cəlalzadə Bakıda MESAJ VERDİ: Region ölkələrini nə gözləyir?
Təhlil
27.01.2026 17:26
İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadənin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra Bakıda verdiyi açıqlama birmənalı qarşılanmayıb.
Cəlalzadə jurnalistlərin suallarını cavablandırarkən İrana hücum olacağı təqdirdə, müharibənin sərhədləri aşacağını bəyan edib.
Politoloq Tamilla Qulami İran rəsminin sözegedən çıxışını TodayPress TV-yə şərh edib.

O bildirib ki, Cəlalzadənin Bakıda səsləndirdiyi fikir birbaşa və açıq hərbi təhdid kimi qiymətləndirilməsə də, diplomatik dildə örtülü xəbərdarlıq və siyasi mesaj xarakteri daşıyır.
Onun sözlərinə görə, diplomatiyada bu cür açıqlamalar adətən təsadüfi verilmir və məkan seçimi xüsusi əhəmiyyət kəsb edir:
“Bu cür mesajlar təsadüfi səsləndirilmir. Məhz Bakıda, Azərbaycan XİN rəhbəri ilə görüşdən sonra belə bir fikrin ifadə olunması mesajın ünvanının dar çevrədə deyil, region ölkələrində, xüsusilə də Azərbaycanda aydın şəkildə oxunması məqsədi daşıyır”.
Politoloqun fikrincə, Cəlalzadənin açıqlaması ilə İran faktiki olaraq vurğulamaq istəyir ki, mümkün hərbi qarşıdurma yalnız İranla hücum edən tərəf arasında məhdudlaşmayacaq və region ölkələri də bu prosesdən kənarda qala bilməyəcək:
“Bu sərsəm yanaşma guya Azərbaycan üçün təhlükənin yaxınlığını xatırlatmaq, eyni zamanda Bakının Qərb və İsraillə münasibətləri fonunda Tehranın narahatlığını dolayı formada ifadə etmək cəhdidir. Mesajın əsas xəttindən görünən budur ki, İran ətrafında baş verən proseslərdə region dövlətlərinin, o cümlədən Azərbaycanın mövqeyi rəsmi Tehranın diqqət və maraq dairəsindədir”.
T.Qulami qeyd edib ki, bu tip açıqlamalar, eyni zamanda İranın öz təhlükəsizlik narahatlıqlarını və mümkün qarşıdurma ssenarilərindən çəkindirmə siyasətini də üzə çıxarır. Bu, rəsmi Tehranın həm təhlükəsizlik qorxularını, həm də çəkindirmə siyasətini ortaya qoyur.
Analitikin sözlərinə görə, İranın Azərbaycana qarşı ultimatum vermək imkanı yoxdur və belə bir cəhd olacağı təqdirdə, cavabsız qalmayacaq.
Qiymət Mahir
tag: Tamilla Qulami,Politoloq,Vahid Cəlalzadə,Bakı,Todaypress.tv,
