Ermənistan ÇALXALANIR — Paşinyan "ölüm-qalım savaşı" aparır

Təhlil

16.10.2025 15:40

Erməni keşişlərinin həbslərinin yeni dalğası müşahidə olunur.


Belə ki, oktyabrın 15-də səhər saatlarında Ermənistanda səs-küylü həbslər baş verib. Həbslər Ermənistanın Apostol Kilsəsinin Araqatsotn Yeparxiyasının keşişlərinə aiddir. Altı keşiş saxlanılıb, biri axtarışdadır. 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) ictimai-siyasi əlaqələr üzrə katibi, politoloq Azər Qasımov bildirib ki, Ermənistanda keçmişlə gələcəyin qarşıdurması artıq son həddə çatıb:


“Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin gələcəyini, kilsə və revanşist qüvvələr isə keçmişi müdafiə edirlər. Paşinyanın kilsə ilə apardığı ölüm-qalım mübarizəsi, əslində, bütövlükdə erməni toplumunun gələcək istiqamətini müəyyən edən əsas sınaqdır.

Tarix boyu kilsə erməni cəmiyyətini yönləndirən və idarə edən başlıca ideoloji mərkəz olub. Lakin indi bu təsisat öz fəaliyyətini dövlətçilik maraqları kontekstindən çıxararaq şəxsi və siyasi məqsədlərə xidmət edən bir quruma çevrilib. Məhz buna görə də kilsə Paşinyanın hakimiyyətdə qalmasında maraqlı deyil, çünki onun islahatları mövcud sistemin dayaqlarını sarsıdır”.


Ekspert, həmçinin əlavə edib ki, erməni cəmiyyəti hazırda Azərbaycanın gücündən qorxaraq sülh tərəfdarı kimi görünməyə çalışır. Amma bu, yalnız müvəqqəti və aldadıcı vəziyyətdir. Tarix sübut edib ki, imkan yaranan kimi hər bir ermənidə revanşist meyillər yenidən baş qaldırır. Sadəcə, bu gün reallıq onları zahirən geri çəkilməyə məcbur edib. Bu səbəbdən Azərbaycan daim Ermənistandan güclü olmalı, öz hərbi-siyasi üstünlüyünü qoruyub saxlamalıdır. Erməni toplumu hər zaman Azərbaycanın yumruğunun gücünü hiss etməlidir ki, bəlkə gələcək nəsillər revanşizm ideyalarından birdəfəlik əl çəksin.

A.Qasımov hesab edir ki, Paşinyanın kilsəyə qarşı açdığı cəbhə düzgün və zəruridir:


“Bu mübarizənin uğurla nəticələnməsi həm Ermənistanın gələcəyi, həm də regionun sabitliyi üçün mühüm addım olacaq”.

Qiymət Mahir

TodayPress TV

tag: Azər Qasımov,Politoloq,Paşinyan,Ermənistan,Todaypress.tv,