Politoloq: “Tramp Nobel Sülh Mükafatına layiq idi”
Təhlil
13.10.2025 16:45
ABŞ Prezidenti Donald Trampın Nobel Sülh Mükafatını ala bilməməsi müzakirələrə səbəb olub.
Mövzu ilə bağlı TodayPress TV-yə açıqlama verən politoloq Elşad Həsənov bildirib ki, Tramp münaqişələrin dayandırılmasında göstərdiyi səylərə görə bu mükafata tam layiq idi.
“Tramp Nobel Sülh Mükafatına layiq idi, ancaq Norveçdəki Nobel Sülh Komissiyası tam müstəqil orqandır. Onlar heç kimdən asılı deyillər və heç bir təsirə boyun əymirlər. Komissiya bu dəfə Venesuelalı keçmiş deputatı seçdi. Onun da bu sahədə müəyyən fəaliyyəti olub, lakin Trampın gördüyü işlərlə müqayisə etmək çətindir".
Ekspert qeyd edib ki, Tramp hakimiyyətə gələndən sonra ciddi şəkildə çalışıb ki, dünyada müharibələr dayansın:
“Xüsusilə Ukrayna-Rusiya müharibəsinin dayandırılması üçün səylər göstərib. Özünün də dediyi kimi, o, artıq səkkiz münaqişəni dayandırıb. Fikrimcə, bu, sülh üçün çox böyük nailiyyətdir. Lakin Nobel Komissiyası bu faktları nəzərə almadı və bir çox namizəd arasından Venesuelalı müxalifət liderini seçdi. Hesab edirəm ki, bu il olmasa da, gələn il Tramp Nobel Sülh Mükafatına layiq görüləcək. Çünki o, faktiki olaraq müharibələri dayandırır".
Analitik əlavə edib ki, hazırda Yaxın Şərqdə - Şarm Ər-Şeyxdə keçirilən "Yaxın Şərq Sülh Sammiti" də onun təşəbbüsüdür:
“İsrail və HƏMAS arasında üçillik münaqişəyə demək olar ki, son qoyulub. Artıq 20 israilli girov azad edilib, yaxın günlərdə 28 nəfərin cəsədlərinin qaytarılması, əvəzində isə 1966 fələstinlinin azad olunması planlaşdırılır. Bu, Trampın apardığı çox böyük insani işlərin nəticəsidir".
E.Həsənov onu da vurğulayıb ki, sülh təşəbbüslərinə hər zaman dəstək verən Azərbaycanın həmin sammitdə iştirakı da qürurvericidir və regionda sabitliyin bərqərar olmasına töhfə verir.
Jalə Rövşən
tag: Elşad Həsənov,Ekspert,Tramp,Nobel,Todayperss.tv,
