Erməni kilsəsinin yeni missiyası: Dindən uzaqlaşıb siyasi intriqaya yönələnlər
Təhlil
27.06.2025 16:30
Erməni Apostol Kilsəsi əsrlər boyu yalnız dini institut kimi deyil, eyni zamanda Ermənistanda mühafizəkar düşüncənin daşıyıcısı kimi çıxış edib. Bu qurum təkcə dini məkan olmaqdan çıxaraq, siyasi ambisiyalarla hərəkət edən bir güc mərkəzinə çevrilib.
Politoloq Tural İsmayılov bunu TodayPress TV-yə danışarkən bildirib.
Onun fikrincə, iyunun 27-də Eçmiədzində baş verən hadisələr kilsənin mənəvi deyil, siyasi motivlərlə hərəkət etdiyini açıq şəkildə göstərir.
“Kilsənin müasir Ermənistan dövlətinə və onun demokratik institutlarına qarşı sərgilədiyi açıq müqavimət ölkənin müasirləşmə prosesinə ciddi zərbə vurur. Kilsənin siyasi fəallığı və açıq şəkildə hakimiyyət uğrunda mübarizəsi onun dini mahiyyətinə uyğun gəlmir. Əksinə, bu davranış ruhanilərin dünyəvi səlahiyyətlərə müdaxiləsi kimi qiymətləndirilə bilər və bu, təhlükəli hüquqi və siyasi presedent yaradır”.
Analitik xatırladıb ki, tarix boyu erməni ruhanilər millətçi ritorika ilə çıxış edərək qonşu xalqlarla münasibətləri gərginləşdirib. Belə ki, Erməni Apostol Kilsəsi Qarabağ məsələsində də konstruktiv mövqe sərgiləməyib, əksinə separatçı hərəkatları dəstəkləyib və regional gərginliyi qızışdırıb. Bu, kilsənin münaqişələrdə neytral dini institut rolunu itirdiyini və siyasi alətə çevrildiyini göstərir. Eyni zamanda, kilsənin qadın hüquqlarına, azad mətbuata və ümumi ictimai plüralizmə qarşı sərgilədiyi mövqe onun müasir demokratik dəyərlərlə uyğunluğunu sual altına alır. Politoloqun qənaətincə, kilsənin bu mövqeyi Ermənistanın beynəlxalq imicinə də mənfi təsir göstərir və onu regionda təcridə məruz qoyur.
“Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətinin bu fonda kilsəyə qarşı sərt mövqe tutması dövlətçilik baxımından zəruri və əsaslı addım kimi qiymətləndirilə bilər. Müasir Ermənistanın sabit, hüquqi və demokratik cəmiyyətə çevrilməsi üçün kilsənin siyasi nüfuzunun məhdudlaşdırılması labüddür. Əks halda, bu qurumun siyasi iddiaları ölkənin gələcək inkişafına maneə olaraq qalacaq”, - deyə o, nitqini sonlandırıb.
Qeyd edək ki, Erməni Apostol Kilsəsinin Şirak Yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Acapaxyana qarşı irəli sürülən "hakimiyyəti zorla ələ keçirməyə çağırış" ittihamı fonunda onu saxlamağa gələn hüquq-mühafizə orqanlarının əməkdaşları müqavimətlə qarşılaşıblar. Eçmiədzinə toplaşan dindarlar hüquq-mühafizə orqanlarına arxiyepiskopu aparmağa imkan verməyiblər. Hadisə ilə bağlı cinayət işi açılıb.
Töhfə Səməd
tag: Tural İsmayılov,Politoloq,Ermənistan,Kilsə,Todaypress.tv,
