Sülh masasında Azərbaycan da var: "Prezidentin təcrübəsi fayda verəcək"

Təhlil

13.10.2025 17:06

"Sülh və sabitliyin bərqərar olmasına dəstək vermək Azərbaycanın beynəlxalq siyasətinin əsas istiqamətlərindən biridir".

Politoloq Çingiz Şahbazi bunu TodayPress TV-yə danışarkən deyib.


O, Misirin Şarm əl-Şeyx şəhərində keçiriləcək Yaxın Şərq Sülh Sammitində Azərbaycanın iştirakını şərh edib:

"Sammit “Gaza Peace Summit / Qəzza münaqişəsinin həlli” başlığı altında gündəlikdə yer alır. Toplantı çərçivəsində Yaxın Şərqdə sabitliyin təşviqi istiqamətində məqbul variantların müzakirə olunması nəzərdə tutulur. Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp və Misir Prezidenti Abdulfəttah əs-Sisinin dəvətilə sammitə qatılması onun regionda sülh və təhlükəsizliyin təmin olunması istiqamətində həyata keçirdiyi siyasətin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. Bu kimi beynəlxalq tədbirlərə dəvət almaq və iştirak etmək Azərbaycanın həm regional, həm də qlobal miqyasda rolunu gücləndirir. Ölkəmizin sülh təşəbbüslərinə dəstək göstərməsi onun dünya dövlətləri arasında etibarlılığını artırır.

Prezident İlham Əliyevin Yaxın Şərqdə sabitliyin təmin edilməsi məqsədilə Misirdə keçirilən beynəlxalq sammitə qatılması onun bu istiqamətdəki təcrübəsinin faydalı ola biləcəyi ilə bağlıdır. İlham Əliyev atəşkəsin əldə olunması, danışıqların aparılması və sülh prosesinin təşkili sahəsində ən təcrübəli dövlət başçılarından biri kimi tanınır. Azərbaycanın bu sammitdə iştirakı da məhz prezidentin bu istiqamətdəki siyasi və diplomatik təcrübəsi ilə bağlıdır".


Siyasətçi Yaxın Şərqdə sabitlik və təhlükəsizliyin təmin olunmasının Azərbaycan üçün önəmindən danışıb:

"Regional təhlükəsizlik, enerji marşrutlarının istiqamətinə və ümumi siyasi mühitə təsir göstərən əsas amillərdəndir. Bu baxımdan Yaxın Şərqdə münaqişələrin uzanması və davam etməsi, Azərbaycan üçün həm iqtisadi, həm də təhlükəsizlik baxımından risklər yaradır. Sülh və sabitliyin bərqərar olmasına dəstək vermək Azərbaycanın beynəlxalq siyasətinin əsas istiqamətlərindən biridir. Sabitlik mühiti investisiya layihələrinin reallaşması üçün əlverişli şərait yaradır və bu, ölkəmizə enerji, tranzit və ticarət marşrutları layihələrinin icrasında yeni imkanlar açır. Bundan əlavə, Azərbaycan uğurlu xarici siyasəti sayəsində beynəlxalq kontekstdə, xüsusilə də müsəlman ölkələri arasında vasitəçi rolunu genişləndirə bilər. Bu isə Fələstin məsələsinin həlli istiqamətində daha səmərəli nəticələr doğura bilər.


Yaxın Şərqdə yaranan humanitar böhranlara Azərbaycan da ardıcıl şəkildə yardım göstərir. Azərbaycanın dəvət aldığı bu kimi beynəlxalq sammitlər yardımların koordinasiyası və humanitar fəaliyyətlərin daha effektiv təşkili baxımından mühüm əhəmiyyət daşıyır. Əlbəttə, proseslər hələ yeni mərhələdədir və müəyyən riskli qərarların gündəmə gəlməsi mümkündür. Lakin hesab etmək olar ki, Prezident İlham Əliyevin sammitdə iştirakı bölgə üçün yalnız müsbət nəticələr doğuracaq".

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdədir.

Qiymət Mahir

TodayPress TV

tag: Çingiz Şahbazi,Politoloq,Azərbaycan,Sülh,Todaypress.tv,