Liderlərin Laçın səfəri: "Azərbaycan bunu dünyaya göstərdi!" - ŞƏRH

Təhlil

29.05.2025 10:30

7

“Bir vaxtlar işğalçı qüvvələrin koridor adlandırdığı Laçın bu gün Azərbaycanın regional gücə çevrildiyini nümayiş etdirən məkandır”. 

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Kazım Kazımov bunu TodayPress TV-yə danışarkən deyib.

O, Laçında keçirilən Zirvə görüşünü tarixi görüş adlandırıb:   

“Qardaş Türkiyə, dost və müttəfiq Pakistan İslam Respublikasının liderləri Rəcəb Tayyib Ərdoğan və Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Laçında oldu. Onlar həm təkbətək, həm də üçlü görüş keçirdilər. Cənubi Qafqazın aparıcı ölkəsi Azərbaycan dünyada hərbi gücünə, yerləşdikləri regionlara, nüfuzlarına görə sayılıb-seçilən iki mühüm dövlətin liderini Laçında bir araya gətirməyi bacarıb. Şübhəsiz ki, tarixi Qarabağ zəfərinin burada rolu mühümdür. Çünki bir vaxtlar torpaqlarının 20%-ni itirmiş Azərbaycan indi işğaldan azad etdiyi və qurub-yaratdığı Laçında mühüm bir görüş təşkil edir. Görüş qardaş Türkiyənin terror problemini həll etdiyi, Pakistanın Hindistanla gərginliyinin davam etdiyi, Azərbaycanın öz regional gücünü artırdığı vaxtda gerçəkləşir”.

Ekspert qeyd edib ki, bu məsələlərlə yanaşı, üç ölkənin iş birliyi, hərbi, iqtisadi, siyasi partnyorluğun gücləndirilməsi müzakirə olunub:   

“Görüş vasitəsilə həmçinin Pakistan tək olmadığını bütün dünyaya göstərdi. Qardaş Türkiyə də burada iştirak edərək Azərbaycanın və Pakistanın yanında olduğunu göstərdi. Azərbaycan hər iki ölkənin liderini Laçına dəvət edərək həm Pakistanı, həm də Türkiyəni özünə necə yaxın gördüyünü bütün dünyaya göstərmiş oldu”.

Qeyd edək ki, mayın 28-də Laçında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Zirvə görüşü keçirilib. 

Qiymət Mahir

tag: Kazım Kazımov,Politoloq,Laçın,Səfər,Todaypress.tv,

photo