Ekspert: “Ukrayna öz ərazisində qətiyyətlə vuruşur”

Təhlil

09.10.2025 18:30

ABŞ və Rusiya arasında aparılan danışıqlardan sonra sülh ümidləri azalsa da, Ukraynanın “istehkamlı müharibə” strategiyası gözlənilməz nəticələr göstərir. 

Şimal-şərqdə Rusiya gözlədiyi sürətli irəliləyişə nail ola bilməyib, əsas şəhərlər və logistika mərkəzləri Kiyevin nəzarətindədir.

Ukrayna Silahlı Qüvvələri məhdud resurslardan səmərəli istifadə edir, pilotsuz uçuş aparatları və dəqiq artilleriya zərbələri ilə düşmənin hücumlarını dayandırır, itkiləri minimuma endirir.

“Qərb dövlətləri də Ukraynanın yanındadır”

Sözügedən mövzunu TodayPress TV-yə şərh edən politoloq Fikrət Sadıqov bildirib ki, Ukrayna şücaətlə vuruşur və əsas şəhərlərini işğaldan qorumağa davam edəcək.

"Görünən odur ki, Ukrayna öz ərazisindədir və öz ərazilərini qoruyur, şücaətlə vuruşur, suverenliyini müdafiə edir və bundan sonra da belə edəcək. Qərb dövlətləri də Ukraynanın yanındadır. Ukrayna əlindən gələni edəcək ki, əsas iri şəhərlər Rusiya tərəfindən işğal olunmasın. İlk növbədə söhbət Kiyev, Xarkov və digər iri yaşayış məntəqələrindən gedir".

“Krım yarımadasını və Donbası asanlıqla azad etmək real görünmür”

Analitikin sözlərinə görə, tam qələbə üçün hərtərəfli addımların atılması vacibdir:

"Amma əlbəttə ki, tam qələbə üçün kifayət edən addımlar deyil. Çünki Rusiya da böyük bir dövlətdir, nüvə silahına malikdir və gördüyümüz də odur ki, bütün resursları Ukraynanı faktiki olaraq işğal etməyə cəlb olunur. Tam mənada mən inanmıram ki, yaxın perspektivdə kiminsə qələbəsi ilə nəticələnsin bu münaqişə. Çünki Krım yarımadasını və Donbası asanlıqla azad etmək real görünmür. Burada təbii ki, həm hərbi, həm diplomatik cəhdlər istifadə olunmalıdır".

“Rusiya başa düşür ki, böyük bir güclə üzləşib”

O, həmçinin vurğulayıb ki, danışıqlar istənilən nəticəni vermir:

"Böyük dövlətlərin, xüsusilə ABŞ-nin vasitəçiliyi ilə danışıqlar getsə də, gözlə görünən nəticə yoxdur. Düşünmürəm ki, yaxın gələcəkdə də olsun. Amma əlbəttə, Rusiya başa düşür ki, böyük bir güclə üzləşib və Ukraynanı tam işğal etmək mümkün olmayacaq. Mən heç şübhə etmirəm ki, yaxın gələcəkdə hansısa bir saziş əldə olunmalıdır. Əks halda, prosesin sonu görünməyəcək. Bu, təbii ki, ilk növbədə Ukraynanı, müəyyən dərəcədə də Rusiyanı qane edən bir saziş olmalıdır",- deyə politoloq əlavə edib.

Jalə Rövşən 

TodayPress TV

tag: Fikrət Sadıqov,Politoloq,Rusiya,Ukrayna,Todaypress.tv,

photo