Azərbaycanın "Ağ bəxtli" şəhərinə çevrilən Ağdam

Təhlil

20.11.2025 17:05

"Ağdamın bir güllə belə atılmadan, tam itkisiz şəkildə işğaldan azad olunması Azərbaycan Prezidentinin uzaqgörən siyasətinin və milli diplomatiyamızın böyük zəfəridir".

Bunu TodayPress TV -yə açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.


Onun sözlərinə görə, Ağdam beş ildə sürətli bərpa və yüksəliş mərhələsinə qədəm qoyub:

"Ağdam tarixən Azərbaycanın ən inkişaf etmiş, abad və mədəni həyatın mərkəzlərindən biri olub. İşğaldan azad edilməsinin beş illiyini qeyd etdiyimiz bir zamanda Ağdama yenidən nəzər salmaq göstərir ki, ötən beş ildə Azərbaycan dövləti öz gücünü, iradəsini və quruculuq potensialını bir daha nümayiş etdirib. Bu gün Ağdam sözün əsl mənasında Azərbaycanın Ağ şəhərinə — ağ bəxtli şəhərinə çevrilir".

Parlamentari vurğulayıb ki, son illərdə Ağdamda genişmiqyaslı yol infrastrukturu qurulub, kommunikasiya xətləri bərpa edilib, tarixi abidələr yenidən dirçəldilib. Qarabağın dağlıq hissəsinə açılan qapı olan Ağdam bölgənin strateji və mədəni əhəmiyyətini yenidən qazanmaqdadır.


Deputat Ağdamın  Azərbaycan mədəniyyətinə, elminə, ədəbiyyatına görkəmli şəxsiyyətlər bəxş etmiş, özünəməxsus koloritə malik bir bölgə olduğunu xatırladıb. Ağdamlıların  xarakter və milli kimlik baxımından xüsusi bir “ağdamlı obrazı” formalaşdırmağı bacardıqlarını diqqətə çatdırıb.

Hikmət Babaoğlu, həmçinin qeyd edib ki, bütün bunlara görə bu gün Ağdama qayıdış, Ağdamın sürətli inkişafı Azərbaycan xalqı üçün milli iradənin təntənəsi, düşmən üçün isə dövlətimizin gücünün, mümkünsüzü belə mümkün edən iradəsinin bariz nümunəsidir. 

Jalə Rövşən

TodayPress TV

tag: Hikmət Babaoğlu,Deputat,Azərbaycan,Ağdam,Todaypress.tv,