Si Cinpindən Trampın "sürpriz"inə hazırlıq: Ağ Evdə şərtlər dəyişəcək...

Təhlil

05.06.2025 15:52

“ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenski və Cənubi Afrika prezidenti Siril Ramafozaya sərgilədiyi ritorikanı Çin Xalq Respublikasının Sədri Si Cinpinə qarşı sərgiləməcəyək”.

Siyasi ekspert Rusif Məmmədsoy bunu TodayPress TV-yə danışarkən bildirib.

O, ABŞ və Çin arasında gedən nüfuz savaşından bəhs edib:

“Hazırda dünyanın bütün diqqəti Rusiya Ukrayna cəbhəsindədir. Bu savaşın nəticəsi dünyanın gələcəyinə də böyük mənada təsir göstərəcək. Bu proseslərə qlobal miqyasda baxdığımız zaman aydın olur ki, əslində bu savaş ABŞ və Çinin nüfuz savaşının tərkib hissəsidir. Nəzərə almaq lazımdır ki, ABŞ SSRİ dağıldıqdan sonra Rusiyanı özünə təhdid hesab etmir. Onun əsas rəqibi məhz Çindir. Çin savaşlara qoşulmayan, mübarizəni iqtisadi müstəvidə aparan bir dövlətdir. Donald Trampın hakimiyyətə gəlişi zamanı prioritet hədəflərindən biri də məhz Çinin iqtisadi hegemonluğuna bu və ya digər formada zərbə vurmaq idi. Çünki həqiqətən Çin iqtisadiyyatı elə bir səviyyəyə gəlib ki, onunla mübarizə aparmaq son dərəcə çətin hal alıb. O səbəbdəndir ki, Tramp rüsumların artacağı ilə bağlı bəyanatlar verir, daha sonra isə geri götürməyə məcbur qalır”. 

Analitik Çin liderinin danışıqlarda təmkinli olacağını ehtimal edir:

“Trampın Zelenski və Ramafozaya sərgilədiyi ritorikanı Si Cinpin ilə danışıq zamanı sərgiləyəcəyini düşünmürəm. Zelenski Tramp üçün çıxılmaz durumda olan, sərvətini mənimsəyə biləcəyi bir dövlətin rəhbəridir. Çin isə tamamilə fərqli bir fenomendir. Düşünürəm ki, hətta Tramp Çin rəhbəri ilə elə danışsa belə, Si Cinpin kifayət qədər təmkinli olacaq. Çünki bu, Çin siyasətinin fəlsəfəsidir. Strateji ağıla və səbrə sahib olan Çini bu cür atmacalar və ya diplomatik jestlər o qədər də maraqlandırmır".

Qeyd edək ki, KİV-də əks olunan məlumatlara görə, Si Cinpin Donald Trampın ona qarşı da Ağ Evdə "sürpriz" hazırlamasından ehtiyat edir. 

Qiymət Mahir

tag: Donald Tramp,Si Cinpin,ABŞ,Çin,todaypress.tv,

photo