İrəvandan gələn zəng: “Birbaşa dialoq qarşılıqlı etimad mühitini formalaşdıracaq” - DEPUTAT

Təhlil

13.08.2025 18:45

“Bu müzakirələrin ən mühüm məqamlarından biri tərəflərin birbaşa dialoqu davam etdirməyə hazır olduqlarını bir daha təsdiqləməsidir. Bu, həm yekun sülh müqaviləsinin imzalanması, həm də qarşılıqlı etimad mühitinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir”. 

Deputat Bəhruz Məhərrəmov bunu TodayPress TV-yə danışarkən bildirib. 

O xatırladıb ki, Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan rəhbərlərinin iştirakı ilə keçirilən görüş çərçivəsində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” mətnini paraflayıblar. Sazişdə tərəflər bölgədə ədalətli, hərtərəfli və davamlı sülhün yaradılmasının vacibliyini qəbul ediblər. Sənəddə tərəflər bölgədə mehriban qonşuluq münasibətlərinin qurulması barədə qarşılıqlı iradə və öhdəliklərini ifadə ediblər. 

Parlamentari diqqətə çatdırıb ki, ötən gün Azərbaycan və Ermənistan XİN başçıları arasında telefon danışığı baş tutub. Tərəflər söhbət zamanı Vaşinqton Zirvə görüşündə imzalanmış Birgə Bəyannamənin icrasını, həmçinin etimad quruculuğu tədbirlərini müzakirə ediblər. Onun fikrincə, bu addım bölgədə sabitliyin, sülhün və dövlətlərarası münasibətlərin qurulmasına mühüm töhfə verəcək. 

“Telefon danışığında, həmçinin, regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bu, sülh perspektivi naminə mövqelərin uzlaşdırılmasına, eləcə də regiona kənar qüvvələrin mümkün müdaxilələrinə qarşı vahid mövqe formalaşdırılması imkanlarına zəmin yaradır”. 

Qeyd edək ki, 3 ildən sonra ilk dəfə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan Birgə Bəyannamənin icrası ilə bağlı müzakirə aparmaq məqsədilə telefon danışığı həyata keçiriblər.

Aysel Mətləb

tag: Vaşinqton,XİN,Saziş,Normallaşma,Todaypress.tv,