İsrailin Suriyadakı planı: ABŞ-nin tələbləri yerinə yetiriləcək?

Təhlil

17.07.2025 15:08

“İsrailin Suriyadakı druzlara dəstək verməsi ABŞ-nin planlarına zərbə vurur”.

Qafqaz Tarixi Mərkəzinin direktoru, siyasi şərhçi Rizvan Hüseynov bunu TodayPress TV-yə dnışarkən bildirib. 

Onun sözlərinə görə, İsrailin Suriyanın Süveyda bölgəsində druz birliklərinə dəstək verməsi heç bir məntiqli strateji məqsədə xidmət etmir. O bildirib ki, bu addım ABŞ-nin yaxın Şərqdəki stabillik və sülh planlarını pozmağa yönəlmiş cəhd kimi qiymətləndirilə bilər.

"Əslində, İsrailin bu davranışı Çinin maraqlarına uyğun gəlir və Vaşinqtonun bölgədəki geosiyasi təşəbbüslərinə ciddi zərbə vurur".  

Politoloqun fikrincə, bu proseslər İsrail üçün də əlavə risklər yaradır. Çünki Suriyadakı hazırkı düzənin əsas təminatçısı Türkiyədir və bu ölkənin maraqlarına edilən istənilən təhdid bölgədə hərbi qarşıdurmaya səbəb ola bilər. NATO-nun ən güclü quru qoşunlarına sahib olan Türkiyənin İsrailə qarşı zərbə endirməsi variantı heç də istisna deyil. 

“ABŞ və NATO ölkələri belə bir ssenarinin qarşısını almağa çalışacaq, çünki Suriyanın gələcək düzəni Türkiyə üçün olduqca prinsipial məsələdir. İsrailin hər hansı cəhdi qarşısında isə rəsmi Ankara sərt mövqe nümayiş etdirəcək. ABŞ Prezidenti Donald Tramp da daxil olmaqla Ağ Ev rəhbərliyi dərk edir ki, İsrailin bu siyasəti bölgəni xaosa sürükləyə bilər. Ona görə də bu riskli və mənasız addımlardan imtina edilməlidir”, - deyə o vurğulayıb.

Qeyd edək ki, son günlərdə Suriyada druz və bədəvi tayfaları arasında qarşıdurmalar daha da şiddətlənib. İsrail druzların müdafiəsinə qalxaraq Dəməşq də daxil olmaqla bir sıra ərazilərə zərbələr endirib. ABŞ tərəfi isə İsraildən Suriyaya hücumları dərhal dayandırmağı tələb edib. Diplomatik mənbələrin verdiyi məlumata əsasən, rəsmi Təl-Əviv bu tələblə razılaşıb.

Töhfə Səməd

tag: Rizvan Hüseynov,Politoloq,İsrail,Suriya,Todaypress.tv,

photo