Azərbaycan və qonşuları: Cənubi Qafqazın vahid məkana çevrilməsinə əngəl nədir?

Təhlil

24.10.2025 15:07

Bu gün Cənubi Qafqazda üç ölkənin inteqrasiyası əsas prioritetlərdən biridir. Lakin siyasi oriyentasiya baxımından Azərbaycan, Ermənistan və Gürcüstan fərqli istiqamətlər seçiblər.

Azərbaycan balanslı və çoxistiqamətli xarici siyasət yürüdür. Rusiya ilə diplomatik və iqtisadi əlaqələrini qoruyur, eyni zamanda Qərb — Avropa və ABŞ ilə münasibətləri də inkişaf etdirir.


Ermənistan da formal olaraq çoxşaxəli siyasət aparır. Rusiya ilə münasibətləri soyusa da, MDB və Avrasiya İqtisadi İttifaqında iştirakını davam etdirir. Bununla yanaşı, Qərb ölkələri ilə də əlaqələrini gücləndirməyə çalışır.  

Gürcüstan isə fərqli xətt tutur. 2008-ci ildən Rusiya ilə diplomatik münasibətləri yoxdur. Avropa İttifaqına inteqrasiya etmək istəsə də, Qərblə münasibətləri də gərgindir və ölkə müəyyən təcrid vəziyyətində qalıb.

Bəs bu fərqli siyasi kurslar Cənubi Qafqazın vahid geosiyasi məkana çevrilməsi perspektivlərinə necə təsir edir?


Məsələ ilə bağlı TodayPress TV-yə danışan Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) ictimai-siyasi əlaqələr üzrə katibi, politoloq Azər Qasımov bildirib ki,  Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti kimi digər iki ölkənin siyasətinə də həlledici təsir göstərir:

"Bu rol həm açıq, həm də gizli istiqamətlərdə özünü qoruyur. Gürcüstanın tam şəkildə Qərbdən uzaqlaşdığını söyləmək doğru olmaz. Bu, daha çox taktiki xarakter daşıyan gərginlikdir. Rusiya ilə münasibətlərin saxlanılması Tbilisinin işğal olunmuş ərazilərlə bağlı reallıqlarından irəli gəlir. Bununla belə, Gürcüstan rəsmiləri Qərblə dialoqa maraqlı olduqlarını daim vurğulayırlar. Qərb ölkələri də bir müddət sonra onlarla yenidən danışıqlara getməyə məcbur qalacaqlar, çünki daimi gərginlik nə siyasi, nə də iqtisadi baxımdan Qərbin maraqlarına cavab verir. Ermənistan isə böyük ölçüdə Azərbaycanın nəzarəti altındadır. Baş nazir Nikol Paşinyanın hakimiyyətdə qalması Azərbaycanın maraqlarına uyğun olduğundan, Bakı da müəyyən hallarda onun mövqeyini gücləndirən addımlar atır".

Ekspert hesab edir ki, Cənubi Qafqazda siyasi birlik prosesi tədricən reallaşacaq. Bunun üçün müəyyən zaman tələb olunur və əsas prioritet istiqamətlər artıq müəyyən edilib.

Qiymət Mahir

TodayPress TV

tag: Azər Qasımov,Politoloq,Cənubi Qafqaz,Region,Todaypress.tv,