“Təcili təhlükəsizlik danışıqları”: İsrail nə axtarır?
Təhlil
21.11.2025 13:21
Mediada əks olunan məlumatlara görə, İsrailin yüksək rütbəli siyasi və hərbi rəhbərliyi Baş nazir Benyamin Netanyahunun başçılığı ilə Suriyaya səfər edib.

Səfərin məqsədi bölgədəki vəziyyətlə bağlı məruzələri dinləmək və təhlükəsizlik danışıqlarında yaranmış gərginliyi yerində qiymətləndirmək olub.
Məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi məsələlər üzrə ekspert Kamran Sultanlı bildirib ki, səfərin reallığı hələ tam təsdiqlənməyib:

“Bəzi media orqanları bunu “Netanyahunun Suriya səfəri” kimi təqdim etsələr də, Suriya hökumətinə yaxın mənbələr bu addımı rəsmi şəkildə “qanunsuz işğal” kimi pisləyirlər. Bununla belə, İsrail rəhbərliyinin bu səviyyədə Suriya ilə sərhəd zonasına ziyarəti və “təcili təhlükəsizlik danışıqları” aparması bir neçə mühüm mesaj və strateji niyyət ifadə edə bilər.
Bunlardan biri sərhəd bölgələrində təhlükəsizliyin möhkəmləndirilməsi ilə bağlıdır. Netanyahu burada sərhəd qoşunları ilə görüşərək həm müdafiə, həm də hücum qabiliyyətinin gücləndirilməsinin prioritet olduğunu vurğulayıb. Bu, İsrail üçün strateji əhəmiyyət daşıyan Colan yüksəklikləri və sərhədyanı zonalara nəzarətin uzunmüddətli planının tərkib hissəsidir.
Görüşdən dərhal sonra müdafiə naziri İsrael Katzın “biz Hermon dağını tərk etməyəcəyik” bəyanatının yayılması da təsadüfi deyil. Hermon dağı İsrail üçün həm strateji, həm də dini önəm daşıyır. Eyni zamanda İsrail Rusiyanın regiona qayıtmasından sonra dəyişən meydan vəziyyətini diqqətlə izlədiyini və Hermon dağı ilə Colan təpələrinə nəzarəti davam etdirmək niyyətini nümayiş etdirə bilər. Qeyd etmək lazımdır ki, Colan təpələri və Hermon dağı həm Şam üzərində nəzarət, həm də su ehtiyatları baxımından xüsusi strateji əhəmiyyətə malikdir.
Analitik, həmçinin bu prosesin Suriya ilə mümkün yeni danışıqlar mərhələsinin bir hissəsi olduğunu istisna etməyib:

“Təsadüfi deyil ki, bütün bunlar Rusiyanın Suriyaya qayıtması və Şamda vahid HHM sisteminin qurulması xəbərləri, eləcə də Rusiya Prezidenti Putin və Netanyahu arasında telefon danışığı, ardınca Rusiya və Suriya hərbi nümayəndə heyətlərinin görüşlərindən sonra baş verib. Rusiya hərbi heyətinin Suriya tərəfi ilə birlikdə Dera və Quneytra kimi İsrail ilə təmas xəttini ziyarət etməsi də diqqət çəkir”.
K.Sultanlı sonda əlavə edib ki, bütün bu proseslər kompleks şəkildə baş verir və böyük ehtimalla, Suriya ilə bağlı mümkün yeni sövdələşmənin tərkib hissəsi ola bilər.
Qiymət Mahir
tag: Kamran Sultanlı ,Ekspert,İsrail,Colan,Todaypress.tv,
