Azərbaycanın təxliyə prosesini "qısqanclıqla" qarşılayanlar...
Təhlil
18.06.2025 15:06
"Hindistanın öz vətəndaşlarını İrandan təxliyə edərkən Azərbaycana yox, Ermənistana üz tutması onların qərəzli mövqeyindən xəbər verir".
Politoloq Azad Məsiyev bunu TodayPress TV-yə danışarkən bildirib.
O vurğulayıb ki, İsrail-İran arasında baş verən hərbi qarşıdurmalar fonunda regionda hava məkanının qapanması ciddi problemlər yaradıb. Bu vəziyyət xüsusilə İranda olan xarici vətəndaşların ölkəni tərk etməsində əngəllərə səbəb olub. Yaranmış böhrandan çıxış yollarından biri də Azərbaycan üzərindən həyata keçirilən təxliyə prosesidir.
"Azərbaycan-İran sərhədindəki gömrük-keçid məntəqələrinin aktiv fəaliyyəti nəticəsində Rusiya, Avropa ölkələri, Orta Asiya respublikaları və digər regionlardan olan vətəndaşların təhlükəsiz və rahat şəkildə İrandan çıxarılması təmin olunub. Bu proses zamanı həm vətəndaşlar, həm də dövlət səviyyəsində Azərbaycana minnətdarlıq məktubları və zəngləri daxil olub. Lakin bu humanitar əməliyyat fonunda diqqət çəkən məqamlardan biri Hindistanın öz vətəndaşlarını Ermənistan üzərindən təxliyə etməyə üstünlük verməsidir. Bu, ilk baxışdan Hindistanın daxili qərarı kimi görünsə də, burada incə bir siyasi xətt də hiss olunur. Ermənistanla Hindistan arasında hərbi əməkdaşlıq və silah təchizatı fonunda bu qərar Hindistanın Azərbaycana qarşı qısqanclıqla yanaşdığını göstərir".
Analitikin fikrincə, Azərbaycan bütün ölkələrə bərabər yanaşaraq humanitar və təhlükəsizlik prinsipləri əsasında təxliyə işlərini həyata keçirib. Hindistanın Ermənistan üzərindən təxliyəni seçməsinin arxasında isə Azərbaycana qarşı müəyyən qərəzli mövqenin dayandığı istisna deyil.
Sonda politoloq vurğulayıb ki, burada əsas məqsəd insan həyatının xilas olunmasıdır və bu işə digər qonşu ölkələrin qoşulması təbii haldır. Amma Hindistanın yanaşması bir daha göstərir ki, bu ölkə Azərbaycanla münasibətlərində hələ də tam səmimiyyət və etimad nümayiş etdirmir.
Bu isə bölgədə həm əməkdaşlıq, həm də humanitar əlaqələr baxımından suallar doğurur.
Qeyd edək ki, iyunun 13-də İsrailin İrana endirdiyi zərbələrdən sonra regionda vəziyyət gərginləşib. Bunun fonunda Çin, Rusiya, Tacikistan, İspaniya və digər ölkələrin vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə edilib. Buna baxmayaraq, Hindistan müvafiq məsələdə Ermənistanı körpü kimi istifadə etməyi üstün tutub.
Töhfə Səməd
tag: Azad Məsiyev,Politoloq,Azərbaycan,Təxliyyə,Todaypress.tv,
