Azərbaycanın təşəbbüsləri MDB-ni yenidən formalaşdıra bilər - DETALLAR
Təhlil
10.10.2025 17:51
"Azərbaycanın təşəbbüsləri MDB-nin gələcəkdə yeni, daha balanslı və bərabərhüquqlu formatda formalaşmasına təsir göstərə bilər".
Politoloq Azər Qasımov bunu TodayPress TV-yə açıqlamasında deyib.
O bildirib ki, MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclası çərçivəsində Rusiya Prezidenti Vladimir Putin ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında baş tutan görüş xüsusi əhəmiyyət kəsb edib:
"Uzun müddətdir, iki ölkə arasında müşahidə olunan gərginlik, görünür, bu görüşlə sona yaxınlaşır. “AZAL” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulması insidenti münasibətləri ciddi şəkildə gərginləşdirmişdi. Görüş zamanı Moskva tərəfi baş verən hadisəyə görə üzr və Azərbaycanın irəli sürdüyü təzminat öhdəliklərini yerinə yetirmək niyyətini ifadə etdi.
Prezident İlham Əliyev isə çıxışında humanitar əməkdaşlığın inkişafının qarşılıqlı etimad və hörmət prinsipləri üzərində qurulmasının vacibliyini vurğuladı".
Analitik izah edib ki, MDB-nin hazırkı fəaliyyət formatı, əslində, Rusiyanın üzv dövlətlərlə münasibətlərinə birbaşa təsir göstərir. Rusiya Federasiyasının son illərdə yürütdüyü siyasət bir sıra üzv ölkələrdə inam və etibarın azalmasına səbəb olub, bu isə birliyin dayanıqlılığını zəiflədib. Bu baxımdan, sammit çərçivəsində keçirilən son görüş Moskva-Bakı münasibətlərinin normallaşması üçün yeni imkanlar açır.
Siyasətçinin fikrincə, Azərbaycanın təşəbbüsləri MDB-nin gələcəkdə yeni, daha balanslı və bərabərhüquqlu formatda formalaşmasına təsir göstərə bilər:
"İndiki mərhələdə əsas gözlənti ondan ibarətdir ki, Rusiya təkcə Azərbaycanla deyil, bütün MDB ölkələri ilə münasibətlərinə yenidən baxacaq, əvvəlki səhvlərin təkrarlanmasına yol verməyəcək".
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun dəvəti ilə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 9-da Düşənbəyə səfərə gəlib. Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub.
Oktyabrın 10-da Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda çıxış edib.
Qiymət Mahir
tag: Azər Qasımov,Politoloq,Azərbaycan,MDB,Todaypress.tv,
