Moskva-Minsk-Karakas Üçbucağı: Maduro kimə sığınacaq?

Təhlil

13.12.2025 16:15

Aleksandr Lukaşenko 16 gün ərzində ikinci dəfə Venesuela səfiri Xesus Rafael Salazar Velaskeslə görüşüb ki, bu da danışıqların xüsusi həssaslıq daşıdığını göstərir. Eyni gün Putin də Maduro ilə telefonla danışıb. Mümkün ssenariyə görə, Maduro Belarusa sığınsa, o, Bakievdən sonra Minskdən sığınacaq alan ikinci devrilmiş lider olacaq. 


Maraqlıdır, bu ssenari nə qədər realdır? Bu addım Rusiya–Belarus ittifaqının Latın Amerikasındakı siyasi təsir ambisiyalarını gücləndirə bilər?   

Məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi şərhçi Şakir Ağayev bildirib ki,  Moskva və Minsk-in Maduro ilə təmasları siyasi dəstək jestidir:


"Rusiya prezidentinin Lukaşenko ilə, həmçinin Belarus prezidentinin və Rusiyanın Maduro ilə danışıqları hələ o demək deyil ki, Belarus Maduroya sığınacaq verəcək və ya Maduro ora köçəcək. Bu addımlar daha çox siyasi jest xarakteri daşıyır və onların Maduronun daxili siyasətini dəstəklədiyini göstərmək məqsədi güdür. Məlumdur ki, həm Belarus, həm də Rusiya Venesuela ilə uzun illərdir sıx əlaqələrə malikdir və belə çətin dövrdə dəstək nümayiş etdirmələri təbii sayılır".

Onun sözlərinə görə, Maduronun dəvətlə Belarusa gəlməsi ehtimal kimi qalsa da, bunun baş verib-verməyəcəyini proqnozlaşdırmaq çətindir. Latın Amerikasında əsas rol Belarusdan çox Rusiyaya məxsusdur. Rusiya təkcə Venesuela ilə deyil, regionun digər ölkələri ilə də yaxın siyasi münasibətlər qurub.

O, həmçinin vurğulayıb ki, bu, Rusiyanın ABŞ-nin  yaxın coğrafiyasında öz təsir dairəsini genişləndirmək strategiyasının bir hissəsidir. Moskva çalışır ki, Amerikaya yaxın regionlarda müttəfiqləri və ya ən azı sıx əlaqələri olan tərəfdaşları olsun.

Analitik əlavə edib ki, Moskvanın Maduroya görə sərt addım atması gözlənilmir:

"Belə bir hadisə baş versə belə, Rusiyanın kəskin addım atacağı gözlənilmir. Çünki hazırkı qlobal siyasi proseslər göstərir ki, dünyanın yenidən formalaşması mərhələsində Tramp və Putin arasında koordinasiya və dialoq mövcuddur. Yeni dünya nizamının qurulması fonunda birqütblü idarəetmənin sonu gəlir, böyük dövlətlər isə çoxqütblü sistemdə öz təsir zonalarını qeyri-rəsmi şəkildə müəyyənləşdirməyə çalışırlar. Buna görə də, Maduro hakimiyyətdən getsə belə, Moskvanın reaksiyasının sərt olacağı real görünmür". 

Jalə Rövşən

TodayPress TV

tag: Şakir Ağayev,Siyasi ekspert,Maduro,Sığınacaq,Todaypress.tv,