“Qafqaz evi” üçün tək maneə aradan qalxır – Gözlər Vaşinqtondadır!

Təhlil

08.08.2025 16:39

“Vaşinqton görüşündən əsas gözlənti Azərbaycan və Ermənistan arasında sülhə doğru böyük addımın atılmasıdır”.

Politoloq Zeynal Əmrəliyev bunu TodayPress TV-yə açıqlamasında bildirib. 

Onun sözlərinə görə, həmçinin ABŞ və Azərbaycan arasında mühüm əməkdaşlıq sazişlərinin imzalanması da gözlənilir:

“907-ci düzəlişin ləğv edilməsi, ATƏT-in Minsk qrupunun buraxılması haqqında birgə bəyanatın verilməsi gözlənilir. Həmçinin Zəngəzur dəhlizinin açılması barədə qərar qəbul ediləcək. Artıq bununla bağlı razılaşma var və çox əhəmiyyətli məsələdir. Regionda yeni geosiyasi formatın yaranmasına gətirib çıxaracaq əhəmiyyətli gün olacaq. Vaşinqtonda əldə edilən razılaşmalardan sonra artıq sülh müqaviləsinin nə vaxt imzalanacağını müəyyən edə bilərik. İstinasna deyil ki, sülh müqaviləsi bu gün də imzalana bilər. Bununla bağlı da fikirlər səsləndirilib. Məsələn, ABŞ Prezidenti Donald Tramp bu barədə sosial şəbəkə statusunda paylaşım edib və bildirib ki, bu gün sülh müqaviləsi imzalanacaq”.

Analitikin qənaətincə, bu gündən sonra Cənubi Qafqaz regionunda yeni geosiyasi münasibətlərin şahidi olacağıq. Görüşlə ABŞ, Azərbaycan və Ermənistan müttəfiqliyindən doğan yeni gələcəyin təməli atılır.

Z.Əmrəliyev əlavə edib ki, bundan sonra Cənubi Qafqaz regionunda yeni münasiblər sistemi olacaq və “Qafqaz evi” layihəsinin reallaşması üçün də ciddi əsaslar meydana gələcək:

“Cənubi Qafqazın üç ölkəsi – Azərbaycan, Gürcüstan və Ermənistan Baltikyanı üç ölkə – Latviya, Litva, Estoniya kimi inkişaf yolunu tutaraq geosiyasi münasibətlərdə birlikdə iştirak edə bilərlər. Bunun üçün münbit şərait var. Mane olan yalnız Azərbaycan-Ermənistan münaqişəsi idi. Bu məsələ həll olunduqdan sonra irəli doğru addım atıla bilər”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş Nazir Nikol Paşinyan Amerika Birləşmiş Ştatlarında (ABŞ) rəsmi səfərdədirlər. Bakı vaxtı ilə 22:30-da rəsmi görüşlər başlayacaq. 

Qiymət Mahir

tag: Zeynal Əmrəliyev,Politoloq,Azərbaycan,Ermənistan,Vaşinqton,Todaypress.tv,

photo