Rusiyadan azərbaycanlılara qadağa: "Bu, siyasi şantaj nümunəsidir"
Təhlil
16.08.2025 13:15
"Rusiya Federasiyasının Əmək və Sosial Müdafiə Nazirliyinin Azərbaycan vətəndaşlarının işə götürülməsinə qadağa qoyması açıq irqçilik, milli ayrı-seçkilik və siyasi şantaj nümunəsidir".
TodayPress TV xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Azay Quliyev bildirib.
Onun sözlərinə görə, Moskvanın bu qərarı təkcə siyasi təzyiq vasitəsi deyil, həm də Kreml rəhbərliyinin beynəlxalq hüquqa və insan haqlarına hörmətsizliyinin göstəricisidir:
“Rusiya düşünür ki, belə cılız qərarlarla və ya SOCAR-ın Ukraynadakı müəssisələrinə hücum etməklə Azərbaycana təsir göstərə bilər. Amma Kreml yanılır. Azərbaycan xalqı nə qorxur, nə geri çəkilir, nə də özünə olan hörmətsizliyi cavabsız qoyur”.
Deputat hesab edir ki, bu addımın məqsədi Rusiyada çalışan minlərlə azərbaycanlını ölkəyə qaytarmaqla sosial-siyasi sabitliyi pozmaqdır. Parlamentari əlavə edib ki, Moskvanın anlamadığı bir həqiqət var. Azərbaycan xalqı həm Vətən müharibəsi, həm də sonrakı antiterror əməliyyatlarında milli həmrəylik nümayiş etdirib:
"Ali Baş Komandanın müharibə meydanında əldə etdiyi möhtəşəm Zəfəri, diplomatik müstəvidə də təsdiqləməsi xalqımızın milli ruhunu daha da gücləndirib. Bu dövrdə biz "Dəmir Yumruq" ətrafında necə sıx birləşdiyimizi bütün dünyaya nümayiş etdirdik. Heç kim Azərbaycanın birliyini poza bilməz".
Millət vəkili qeyd edib ki, dünyada yaşayan 50 milyonluq azərbaycanlı milli birliyini və dövlətinə sədaqətini heç vaxt itirməyəcək:
"Rusiya anlamalıdır ki, bütün körpüləri yandırmaqla yalnız özünü təcrid edir və öz maraqlarına zərbə vurur”, - deyə Azay Quliyev fikrini sonlandırıb.
Qeyd edək ki, Rusiyanın Əmək və Sosial Müdafiə Nazirliyi rus dilini bilməyən miqrantların xidmət sektorunda işə götürülməsini qadağan edəcək. Bu peşələrə sürücülər, satıcılar və həkimlər daxildir.
Türkan İsgəndərli
tag: Rusiya,Azərbaycan,Vətəndaş,İş,Todaypress.tv,
