Politoloq: "Sərhəddəki yanğın revanşist qrupların işidir"

Təhlil

12.11.2025 17:25

"Azərbaycanla Ermənistan arasında, Gədəbəy istiqamətində şərti sərhəddə baş verən yanğınların təxribat xarakteri daşıdığını düşünmürəm".

Bunu TodayPress TV -yə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.


O bildirib ki, sərhəddəki yanğınlar əsasən hava şəraiti və təbii amillərlə bağlıdır, dövlət səviyyəsində təxribat ehtimalı azdır:

"Çünki havaların isti keçməsi, həmin meşəlik ərazilərdə yarpaqların quruması və payız mövsümünün təsiri bu cür hadisələrin baş verməsini asanlaşdırır. Mən hesab edirəm ki, bu yanğınlar Ermənistan tərəfindən dövlət səviyyəsində törədilmiş təxribat deyil. Lakin müəyyən qrupların belə addımlara əl atması mümkündür, çünki Ermənistanda hələ də kifayət qədər revanşist qüvvələr mövcuddur və onlar təxribat məqsədilə yanğın törədib, alovun Azərbaycan tərəfinə keçməsinə səbəb ola bilərlər".

Ekspert hesab edir ki, hadisə Ermənistan daxilindəki revanşist və ya təxribatçı qrupların fəaliyyəti ilə bağlı ola bilər, lakin bu, iki ölkə arasında ciddi gərginlik yaradmayacaq:

"Belə halların hərbçilər arasında da baş vermə ehtimalı istisna deyil. Ermənistan ordusunda elə şəxslər var ki, onlar Azərbaycan mövqelərinə qarşı mənfi münasibət bəsləyirlər. Bununla belə, mən hesab edirəm ki, iki dövlət arasında hazırkı mərhələdə ciddi gərginliyin yaranması gözlənilmir. Dediyim kimi, bu yanğınların dövlət səviyyəsində deyil, ayrı-ayrı təxribatçı qruplar tərəfindən törədilməsi daha inandırıcı görünür. Amma bu hadisələrin genişmiqyaslı böhran və ya qarşıdurmaya səbəb olacağını düşünmürəm". 

Qeyd edək ki, Ermənistan-Azərbaycan şərti sərhədinin Gədəbəy rayonu istiqamətində, xüsusilə də Ermənistan Silahlı Qüvvələrinin 1990-cı illərdən nəzarətində olmuş ərazilərdə genişmiqyaslı yanğınlar müşahidə olunur.

Jalə Rövşən

tag: Azərbaycan,Ermənistan,Yanğın,Sərhəd,Todaypress.tv,