Rusiyada etnik repressiya: "Rusiyada qeyri-ruslar üçün ölümcül təhlükə formalaşıb"
Təhlil
18.12.2025 16:49
Tacikistan Moskva vilayətində məktəbdə baş verən və etnik nifrət motivli olduğu bildirilən azyaşlı tacik şagirdin qətli ilə bağlı Rusiyaya nota təqdim edib. Düşənbə hadisənin dərhal, obyektiv və qərəzsiz araşdırılmasını, günahkarların isə məsuliyyətə cəlb olunmasını tələb edir.
Sual yaranır, bu hadisə Rusiya–Tacikistan münasibətlərinə necə təsir göstərəcək və bu Rusiyada miqrant icmalarının təhlükəsizliyi məsələsinin sual altında olduğu deməkdirmi?
Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Elçin Xalidbəyli bildirib ki, bu hadisə qeyri-ruslara qarşı nifrət siyasətinin nəticəsidir:

"Moskvada on yaşlı tacik uşağın qətlə yetirilməsi, həm də vəhşicəsinə qətlə yetirilməsi, Rusiya siyasi dairələrinin günahı ucbatından baş verib. Hətta bunu planlı şəkildə həyata keçirilmiş hadisə də hesab eləmək olar. Çünki bu hadisə Kremlin son vaxtlar yürütdüyü, daha doğrusu həmişə yürütdüyü, ancaq son vaxtlar açıq şəkildə yürütdüyü qeyri-ruslara qarşı nifrət siyasətinin nəticəsidir".
Ekspertin sözlərinə görə, Rusiyada qeyri-ruslar üçün təhlükə real hala gəlib:
"Rusiya siyasi dairələrinin qeyri-ruslara qarşı nifrət toxumu səpməsinin nəticələri əvvəl-axır ortaya çıxmalı idi və indi bunun nəticələri artıq ortaya çıxır. Günahsız on yaşlı uşaq rus olmadığına görə qətlə yetirilib. Bu da o deməkdir ki, artıq Rusiyada qeyri-ruslar üçün olduqca təhlükəli bir situasiya yaranıb və bu təhlükəli situasiya Kreml tərəfindən məqsədyönlü şəkildə yaradılıb. Aparılan propaganda və təzyiq, təqib siyasəti Rusiyada qeyri-rusların həyatı üçün real təhlükə mənbəyinə çevrilib".
Analitik həmçinin əlavə edib ki, bu siyasət postsovet münasibətlərini gərginləşdirə bilər:
"Bütün bunları da nəzərə alanda hesab eləmək olar ki, yaxın gələcəkdə Rusiyanın qeyri-rusların təmsil elədiyi ölkələrlə olduqca ciddi problemləri yarana bilər. Bu yalnız Tacikistanı və yaxud da Orta Asiya ölkələrini deyil, bütövlükdə MDB məkanında olduqca gərgin situasiya yarada biləcək bir prosesdir. Çünki Rusiyada nə qədər ki, qeyri-ruslara qarşı hücum siyasəti davam edir, bu da o deməkdir ki, bütün keçmiş postsovet məkanında bütün ölkələr real problemlərlə üzləşə bilərlər. Bu da istər-istəməz Rusiya və həmin postsovet ölkələri arasında münasibətlərin daha da gərginləşməsi üçün səbəb olacaq".
Jalə Rövşən
tag: Elçin Xalidbəyli,Politoloq,Rusiya,Repressiya,Todaypress.tv,
