Azərbaycan Ermənistana “QAPI AÇIR”: “TDT+” da yer ala bilər!

Təhlil

27.10.2025 12:42

Məlumdur ki, Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstana səfəri çərçivəsində Prezident Kasım-Jomart Tokayevlə birgə mətbuata bəyanatında ölkəmizin Ermənistana yük tranziti ilə bağlı işğal dövründən qalma bütün məhdudiyyətləri aradan qaldırdığını bəyan etdi.


Prezidentin sözlərinə görə, bu hadisə təkcə iqtisadi deyil, həm də siyasi baxımdan mühüm əhəmiyyət daşıyır:

“İlk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub. Zənnimcə, bu, Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun bariz göstəricisidir”.

Ardınca Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidentinə təşəkkür etdi və buna adekvat cavab veriləcəyini bildirib.

Sosial Tədqiqatlar Mərkəzinin Media və Kommunikasiya Departamentinin rəhbəri, siyasi məsələlər üzrə ekspert Əziz Əlibəyli mövzunu TodayPress TV-yə şərh edib.


Onun sözlərinə görə, Azərbaycanın bu addımı daha çox Ermənistanın iqtisadi təhlükəsizliyinin təminatı üçün əhəmiyyət daşıyır:

“Son aylarda Azərbaycanın bir neçə istiqamətdə atdığı addımlar bəlli məntiqi çərçivəni tamamlayır. Məsələn, Ermənistan uzun müddət Rusiya taxılından istifadə edirdi. Lakin qış aylarında Lars keçidinin bağlanması, yəni Gürcüstan üzərindən keçən yolun qapanması bu ölkənin iqtisadi asılılığını açıq şəkildə göstərdi. Üstəlik, Rusiya bu marşrutdan dəfələrlə sabotaj təzyiq vasitəsi kimi istifadə edib. Ermənistanın iqtisadi asılı olduğu ikinci əsas qüvvə isə İrandır. İran bölgədə dağıdıcı gücə malikdir. Bu, çox ciddi siyasi problemlərlə müşaiyət olunur”.

Analitik məhdudiyyətlərin aradan qalxması ilə Ermənistanın nə əldə etdiyini açıqlayıb:


“Ermənistan Azərbaycan vasitəsilə Rusiyaya qarşı ərzaq təhlükəsizliyində çox ciddi alternativ əldə etmiş oldu. Həmçinin 2026-cı ildə Ermənistan daxilində keçiriləcək seçkilərdə Baş nazir Nikol Paşinyanın əli gücləndi”.

Ə.Əlibəyli digər maraqlı məqamdan — prosesin Qazaxıstan vasitəsilə baş tutmasından bəhs edib. Onun sözlərinə görə, bu, təsadüfi deyil. Qazaxıstan Türk Dövlətləri Təşkilatının (TDT) üzvüdür, həmçinin Ermənistanla bərabər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. Müharibə dönəmində də Qazaxıstanın Azərbaycanı müdafiə etməsi Ermənistanda ciddi şok yaratmışdı. 

Siyasətçi Prezident İlham Əliyevin “TDT+” formatı təklifini yada salıb:


“TDT-nin Qəbələ Sammitində Prezident İlham Əliyev təklif etdi ki, “TDT+” formatı yaradaq. Türk dövlətlərini bir-biri ilə birləşdirən ölkələr də var. “TDT+” da belə ölkələr yer almalıdır və onlardan biri də Ermənistandır. Azərbaycan Prezidenti atdığı addımla Ermənistanı TDT-nin çətiri altına almış oldu. Belə olan halda iqtisadi baxımdan da Azərbaycan Ermənistanın idarəçiliyini almış olur”. 

Bəs Paşinyanın nəzərdə tutduğu “adekvat cavab” nədir? Ermənistan bu addım qarşılığında Azərbaycana nə verə bilər? 


Ə.Əlibəyli suala bu cür cavab verib:

“Ermənistan iqtisadiyyatı investisiyaya geniş şəkildə ac iqtisadiyyatdır. Turistik, logistik olaraq yaxşı bazardır. Ermənistan ərazisi strateji olaraq çox yaxşı bölgədə yerləşdiyi üçün Azərbaycanla Türkiyə ərazisi üzərindən fiziki olaraq Ermənistan vasitəsilə faktiki ittifaqı formalaşmış olar.

Cənubi Qafqazda Gürcüstanın da müəyyən qısqanclığı müşahidə olunur. Çünki Zəngəzur dəhlizinin açılması ilə regiondakı logistika və ticarət marşrutlarının taleyi dəyişə bilər. Paşinyan bu reallığı qəbul edərək Gürcüstanda keçirilən baş nazirlər sammitində bəyan etmişdi ki, Ermənistan öz ərazisindən keçməklə Azərbaycanın neft, qaz, dəmir yolu və avtomobil xətləri çəkməsinə razıdır. Ermənistan bu cür regional kommunikasiya imkanlarını Azərbaycana verə bilər”.

Qiymət Mahir

TodayPress TV

tag: Əziz Əlibəyli,Ekspert,TDT+,Ermənistan,Todaypress.tv,