ABŞ dialoq pəncərəsini açıq saxlayır: “Tramp Putindən tam uzaqlaşmaq istəmir”
Təhlil
25.08.2025 16:27
“ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinə qarşı son ana qədər dialoq pəncərəsini açıq saxlaması, Rusiyadan qəti şəkildə üz döndərməməsi onun hələ də Putinə müəyyən inam bəsləməsinin nəticəsidir. Bununla yanaşı, Tramp məsələnin daha da qəliz və çıxılmaz vəziyyətə düşməsini istəmir”.
Politoloq Azər Qasımov bunu Trampın “Rusiya prezidenti ABŞ-də keçiriləcək dünya çempionatında iştirak edə bilər” fikrini TodayPress TV-yə şərh edərkən deyib.
Onun sözlərinə görə, Tramp sadəcə olaraq gələcəyə ümidli olduğunu nümayiş etdirmək, Putini konstruktiv mövqe sərgiləməyə sövq etmək istəyir. Lakin ekspert bu səfərin baş tutacağına inanmır.
Analitik əlavə edib ki, Trampın növbəti dəfə səsləndirdiyi “iki həftəlik müddət” ritorikası tərəflərə siyasi manevr üçün əlavə zaman qazandırmaq məqsədi daşıyır:
“Bu, yalnız cəbhədə müəyyən üstünlüklər əldə etməklə danışıqlar masasında mövqeləri gücləndirmək məqsədi daşımır. Məsələnin mahiyyəti ondan ibarətdir ki, ABŞ Avropanın əli ilə Ukraynaya silah satır. Tramp da bu fürsətdən istifadə edərək vaxt qazanmağa və daha çox gəlir əldə etməyə çalışır. Məncə, Trampın qərarları konkret tərəf üçün ciddi üstünlük yaratmayacaq. O, Ukraynaya hücum məqsədilə silah satışına razılıq verə bilər və bunu da “qələbə üçün hücum lazımdır” ifadəsi ilə əsaslandırır. Tramp sadəcə Rusiyaya hədələyici bəyanatlar səsləndirə bilər, hətta Putindən narazı olduğunu da göstərə bilər. Amma qəti şəkildə ondan uzaqlaşmaq niyyətində deyil".
Siyasətçi düşünür ki, atılan addımlar münaqişənin sonunu yaxınlaşdırmaq əvəzinə, onun daha da uzanmasına səbəb olacaq. Rusiyanın zəiflədiyi bir vaxtda Avropa və Qərb dairələri bu fürsəti əldən buraxmaq istəməyəcək.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp gələn il ABŞ-də keçiriləcək dünya çempionatı ilə bağlı keçirilən tədbirdə Rusiya lideri Vladimir Putinin iştirak edə biləcəyini istisna etməyib:
“Onun gəlməsi mümkündür, bu, baş verən hadisələrdən asılı olacaq. Gələ də bilər, gəlməyə də. Amma qarşıdakı bir neçə həftə ərzində bir çox hadisələrin şahidi olacağıq”.
O, həmçinin Ağ Evdə keçirilən tədbirdə Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı da danışıb:
“İki həftədən sonra nə edəcəyimə dair qərar verəcəyəm və bu, çox vacib bir qərar olacaq. Həm Rusiyanın, həm də Ukraynanın bu qərara necə reaksiya verəcəyini görəcəyik”.
Qiymət Mahir
tag: Azər Qasımov,Politoloq,Tramp,Putin,Todaypress.tv,
