AZAL faciəsi ilə bağlı yeni təfərrüatlar: Nəticələr nəyi dəyişəcək?
Təhlil
03.12.2025 13:50
Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL təyyarəsinin 2024-cü il dekabrın 25-də Aktau yaxınlığında qəzaya düşməsi ilə bağlı araşdırmanın tamamlanmaq üzrə olduğunu bildirib. Baş nazirin müavini Kanat Bozumbayevin sözlərinə görə, həm cinayət işi üzrə Baş Prokurorluq, həm də aviasiya üzrə texniki istintaq paralel aparılır və artıq yekun rəy gözlənilir. Texniki hesabatın bu ilin sonunda və ya gələn ilin əvvəlində başa çatdırılması planlaşdırılır. Yekun hesabatın isə 2025-ci ilin dekabrına qədər tamamlanması gözlənilir.
Maraqlıdır, açıqlanacaq nəticələr nəyi dəyişəcək?
Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Elşad Mirbəşiroğlu bildirib ki, nəticələr bəlli olduqdan sonra qərarlar hüquqa uyğun veriləcək:

"Həmin vaxt elan olunmuşdu ki, ilin sonuna qədər araşdırmaların nəticələri bəlli olacaq. Təbii ki, mövcud hüquq normalarına və beynəlxalq hüquqi aktlara uyğun olaraq hansı addımlar tələb olunursa, həmin çərçivədə də tədbirlər görüləcək. Ən vacibi, araşdırmaların tam və aydın nəticələrini gözləməkdir".
Onun sözlərinə görə, nəticələr açıqlananda Azərbaycan və Rusiya addımlarını ona uyğun müəyyən edəcək:
"Rusiya tərəfi dəfələrlə bildirib ki, araşdırma başa çatdıqdan sonra nəticələrə uyğun addımlar atılacaq. Xatırladım ki, Prezident İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putinin Bişkek görüşündə də bu mövzu gündəmə gətirilmiş, Rusiya Prezidenti bir daha üzrxahlığını ifadə etmişdi. Yəni, araşdırmanın yekun nəticələri hadisə barədə tam təsəvvür formalaşdıracaq və Azərbaycan ilə Rusiya bundan sonra növbəti addımları həmin nəticələr əsasında müəyyən edəcəklər".
Ekspert vurğulayıb ki, araşdırmanın başa çatmasını gözləməliyik. Nəticələr məlum olduqdan sonra məsələnin ətraflı müzakirəsi daha əsaslı şəkildə aparıla bilər.
Analitik qeyd edib ki, hadisənin səbəbləri tam müəyyənləşəndə məsul tərəf ortaya çıxacaq:
"Beynəlxalq təcrübə və normativ hüquqi aktlar mövcuddur. Hadisənin hansı şəraitdə və necə baş verdiyi tam dəqiqləşdirildikdən sonra məsuliyyətin kimə aid olduğu barədə də daha aydın təsəvvür yaranacaq. Azərbaycan tərəfinin mövqeyi artıq açıqlanıb və bu məsələ Rusiya ilə müzakirə olunub, ictimaiyyətə də təqdim edilib".
Elşad Mirbəşiroğlu əlavə edib ki, nəticə etibarilə, araşdırma bitdikdən sonra qərarlar onun ortaya çıxardığı faktlara əsaslanacaq:
"Qazaxıstan tərəfi, o cümlədən məsul şəxs Kanat Bozumbayev dəfələrlə obyektiv araşdırma aparıldığını bildirib. Eyni zamanda, təyyarəni istehsal edən ölkə də araşdırmada fəal iştirak edir və əməkdaşlıq göstərir. Kanat Bozumbayevin sözlərinə görə, obyektiv araşdırmanın nəticələri hadisənin bütün məqamlarını aydınlaşdıracaq. Bundan sonra atılacaq addımlar da həmin nəticələrə uyğun olacaq və mövcud hüquq normaları əsasında tənzimlənəcək".
Jalə Rövşən
tag: Qazaxıstan,AZAL,Təyyarə,Aktau,Todaypress.tv,
