Şirkətlər arasında rəqabətin qırmızı xətti - Rəqib haqqında yalan məlumat yayanlara xəbərdarlıq

Şirkətlər arasında rəqabətin qırmızı xətti - Rəqib haqqında yalan məlumat yayanlara xəbərdarlıq
10.09.2026 11:29 Sosial

Azərbaycanda haqsız rəqabətin əsas formaları və bu halların müəyyənləşdirilməsi qaydaları açıqlanıb.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin şöbə müdiri Şahin Nağıyev “Haqsız rəqabət sahəsində tənzimləmələr və təbii inhisar sahəsində dövlət nəzarəti” adlı tədbirdə çıxışı zamanı danışıb.

O bildirib ki, Rəqabət Məcəlləsi 2024-cü il iyulun 1-dən qüvvəyə minib. Məcəllənin tətbiqi ilə bağlı 20-yə yaxın digər normativ hüquqi akt da təsdiqlənərək qüvvəyə minib.

Ş.Nağıyevin sözlərinə görə, haqsız rəqabət müvafiq bazarda üstünlük əldə etmək məqsədilə qanunvericiliyə və işgüzar ənənələrə zidd, ədalətsiz üsullardan istifadə etməklə rəqibə zərər vuran və ya onun işgüzar nüfuzuna xələl gətirən hərəkətlərdir:

"Haqsız rəqabətlə bağlı müraciətlərə baxılarkən ilk növbədə tərəflərin bir-birinə rəqib olub-olmaması müəyyən edilir. Haqsız rəqabətin əsas formalarına müştərilərə qarşı aqressiv davranış, rəqibin nüfuzdan salınması, rəqibin sahibkarlıq fəaliyyətinin təcrid edilməsi, müştərilərin çaşdırılması və aldadılması, kommersiya sirrinin qanunsuz əldə edilməsi, istifadəsi və yayılması daxildir".

O bildirib ki, rəqibin nüfuzdan salınmasına həmin təsərrüfat subyekti barədə həqiqətə uyğun olmayan məlumatların yayılması da aid edilə bilər. Belə məlumatlar media, reklam və digər vasitələrlə yayıla bilər.

"Müştərilərə təhdid, zor və digər qanunsuz təsir vasitələri tətbiq etməklə onların seçim hüququnun məhdudlaşdırılması da haqsız rəqabət hesab olunur".

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
10 SENTYABR 2026
Bütün Xəbərlər